1 Mart 2024 11:01
"Qarabağ universitetinin açılması Azərbaycan tarixi üçün çox mühüm əhəmiyyət kəsb edir. Bizim zəfərlə başa çatan 44 günlük müharibədən sonra təbii ki, həmin ərazilərdə infrastrukturun qurulması, ərazilərdən insanların köçürülməsi, bizim 21-ci əsr tariximizin şanlı səhifəsidir. Sevindirici hal odur ki, biz həmin ərazilərdə orta məktəblərdən sonra Ali məktəbin açılısını müzakirə edirik, bu haqda planlar qururuq"
Bu sözləri Metbuat.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki., Xankəndidə yerləşəcək Qarabağ universiteti tarixi Azərbaycan universitetidir və bu daima həmin ərazidə azərbaycanlı kadrların hazırlanması missiyasını yerinə yetirib.
"Təbii ki, indi vəziyyət tamamilə fərqlidir. Hal-hazırda həmin ərazilərdə təhsil sisteminin yaradılması yükü bilavasitə Qarabağ universitenin üzərinə düşəcək. Ona görə də bu universitetin fəaliyyəti həmin ərazilərdə gələcək təhsil müəssisələrinin əsasını qoyacaq. Onların mayakı olacaq"
Ekspert qeyd edib ki, Qarabağ universitetində təhsil tamamilə ödənişsiz olacaq.
"Orada ödənişli əsaslarla təhsil həyata keçirilməyəcək. Həmçinin Qarabağ universitetində tələbələr üçün yataqxanada ödənişsiz olacaq. Ən vacib məsələlər sırasında təbii ki, həmin ali təhsil müəssisəsindəki təhsil mühüti olacaq. Artıq bu dövlətin srtateji islahatlarının əsas hissəsini təşkil edir. Belə ki, bu gün Qarabağ universitetinin idarə edilməsi, tədrisin təşkili, qiymətləndirmə, ora seçiləcək kadrlar belə, orada bütün infrastrukturun əsasını təşkil edəcək. Bu universitet Azərbaycanda yerləşən 51 təhsil müəssisəsindən tamamilə fərqlidir".
Ekspert onu da vurğulayıb ki, Qarabağ universitetində təhsil verənlərin əmək haqqı digər universitetlərlə müqayisədə bir neçə dəfə artıq olacaq.
"Buarada çalışacaq işçilər hal-hazırda mövcud qaydalara görə, ali təhsil müəssisəsində çalışan müəllimlərdən bir neçə dəfə artıq maaş alacaq. Həm müəllim heyəti, həm idarəetmədə iştirak edəcək şəxslər və Bakıdan gedəcək əməkdaşlar üçün bütün yaşayış imkanları yaradılacaq. Həmçinin universitetə yüksək balla qəbul olacaq tələbələrə dövlət tərəfindən müəyyənləşdirilən ənənəvi təqaüdlərlə yanaşı, digər təqaüdlərdə veriləcək. Birmənalı şəkildə orda biz yeni təqaüd mühütinidə görəcəyik".
Seyranə Quliyeva / Metbuat.az