25 Mart 2024 12:05
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Crocus”da baş verən terror aktı ilə bağlı açıqlama verib.
Metbuat.az-ın məlumatına görə, “kp.ru” üçün müsahibə verən Zaxarova qeyd edib ki, “Crocus”da baş verən terror aktından sonra ABŞ bəhanələrlə İŞİD terror qruplaşmasının adını çəkərək özünü və yaratdıqları Ukrayna Prezidenti Vladimir Zelenski rejimini ört-basdır etməyə çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, ABŞ-nin Yaxın Şərqə müdaxiləsi bölgədə fəaliyyət göstərən bir neçə radikal və terror qruplaşmasının yaranmasına, güclənməsinə səbəb olub.
“Crocus”da baş verən hadisələrin arxasında Ukraynanın ola biləcəyi iddialarına münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə düşünür ki, hücumun arxasında Ukrayna olsaydı, ABŞ buna icazə verməz, Kremli qabaqcadan məlumatlandırmazdı:
“Rusiya prezidenti Vladimir Putin ABŞ-nin xəbərdarlığını Rusiyanı qorxutmaq üçün deyildiyini vurğulayaraq xalqı arxayın etdi. Halbuki uzun illər Rusiya kəşfiyyatında çalışmiş V. Putin ABŞ xəbərdarlığını ciddiyə almalı və belə bir terrorun olacağı üçün tədbirlər alınmasi üçün göstəriş verməli idi. Rusiya Ukraynada aparılan müharibəyə xalqın tam dəstəyini almaq üçün bu terrorun arxasında Ukraynanın olmasını ictimaiyyətə elan ediləcəkdi. Amma, baş verənlər göstərir ki, terrorun Ukrayna tərəfindən həyata keçirilməyib. Bu terror hücumunun baş verməsi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin acı nəticəsidir”.
Terror aktından qısa bir zaman sonra məhsuliyyəti İŞİD təşkilatının üzərinə götürməsinə baxmayaraq, Kreml “terrorun arxasında Ukrayna dayanıb” fikirlərindən uzaqlaşmır.
Politoloq Elxan Şahinoğlu vəziyyəti şərh edən zaman bildirib ki, Rusiya rəsmiləri arasında İŞİD-in adını çəkən azdır:
“ Kreml terrorun arxasında Ukraynanın dayandığını təbliğ etməklə birincisi, bu ölkəyə qarşı işğalı genişləndirməyi əsaslandırmağı, ikincisi, Kiyevi terrora dəstək verən mərkəz kimi göstərərək imicinə zərbə vurmağı planlaşdırır. Ancaq bu təbliğatın effekti olmayacaq. Əlbəttə beynəlxalq aləm, hətta Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən ölkələr Moskvadakı terror olayını qınadılar, ancaq zaman keçdikcə Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi yenidən ön planda tutulacaq. Rusiya terror hadisəsindən bir gün sonra Ukraynanın az qala bütün şəhərlərini raket atəşinə tutub, Ukrayna ordusu da Rusiyanın Krımdakı hərbi obyektlərini vurub.Görünür, mövzu yenidən müharibədir”,-sitatın sonu.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, ikinci çeçen müharibəsində olduğu kimi, indi də belə bir hücumların Moskva üçün sərfəli tərəfləri də var:
“Bunun fonunda Peskovun Ukraynada “xüsusi əməliyyatın müharibəyə keçdiyi” haqda açıqlaması xüsusilə diqqət çəkir. Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə edilən hücum rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil və Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür. Bu kontekstdə Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər”.
Gülbəniz Hüseynli / Metbuat.az