METBUAT.AZ

Sosial

Daxili ipoteka ilə mənzil satışında risk varmı? -

5 Mart 2024 16:10

Ölkəmizdə son illərdə bankların daxili ipoteka kreditlərinə marağın artması da müşahidə edilir .

Bu barədə Metbuat.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ən sərfəlisi güzəştli kreditlər olsa da, mənzil arzusunda olanlar digər ipoteka kreditlərinə də müraciət edirlər:


“Digər ipotekalar, adi ipotekaların illik faiz dərəcəsi 7-8 faiz olur. Maksimal məbləğ 150 minə qədərdir. 5-8 il əvvəl Bakıda güzəştli ipoteka kreditləri ilə mənzil almaq əlverişli olsa da, hazırda ipoteka predmetinə çevrilə bilən mənzillərin qiyməti çox bahalaşıb. Hazırda Bakı şəhərində mənzillərin qiyməti pik həddədir. Güzəştli şərtlərlə verilən ipoteka kreditləri paytaxtdan başqa digər regionlar üçün çox əlverişlidir.

Hazırda böyük tikinti şirkətləri ilkin ödəniş 10-20 faiz civarında mənzil təklifi edirlər. Bu zaman qalan məbləğ aylara bölünür. Bəziləri var ki, qısa müddətə kreditə verir. Bu zaman mənzillərin aylığı çox yüksək olur. Elə olur ki, vətəndaşlar ödənişin az olmasını görüb seçimi bu mənzillərdən edirlər, amma aylış ödənişi kifayət qədər yüksək olan bu mənzilləri bir neçə aydan sonra vətəndaş ödəyə bilmir. Daxili ipoteka kreditinin əsas üstünlüyü isə rəsmi iş yerinin tələb olunmamasıdır. Vətəndaş hərhansı kiçik bizneslə məşğuldursa, vergi ödəyicisidirsə və gəlirini rəsmi olaraq göstərə bilirsə, onlara daxili ipoteka şərtinə uyğun mənzil verilir. İlkin ödəniş isə illik kirayə qiyməti qədər olur”.

Bankların daxili ipoteka şərtləri barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Murad Calalov bildirib ki, bu kreditlərin kifayət qədər ilkin ödənişi və faiz gəlirləri yüksək olur:

“Əgər müştəri ipoteka kreditini ödəyə bilməsə, bu zaman o ya aldığı evi satıb bankın pulu ödəməlidir, yada əmlak bankın əlinə keçəcəkdir. Ümumiyyətlə, daxili ipoteka kreditləri banklar üçün gəlir mənbələrindən biri sayılır. Bir müddət öncə hətta şəxsiyyət vəsiqəsi ilə ipoteka kreditləri verilirdi. Nəticədə, həmin kreditləri ödəyə bilməyən insanların sayı artdı. Daha sonra sadələşdirilən qaydalar mənzil əlçatanlığını qismən artırdı. Amma kreditlə mənzil alan hər kəs riskləri öncədən nəzərə alıb, ona uyğun hesablamasını apara bilməlidir”.

İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, ipoteka obyektinin rəsmi sənədinin olması lazımdır:


“Ümumiyyətlə, sənədsiz evlər ipoteka predmeti sayılmır. Hazırda ipotekaya cəlb oluna bilən evlərin sayı azalıb. Son zamanlar ipoteka götürənlərin sayının azalması isə insanların gəlirlərinin aşağı olması və mənzil bazarındakı qiymət yüsəlmələri ilə birbaşa bağlıdır. Aydındır, hamı kredit götürə bilməz. Çünki vətəndaş götürdüyü krediti geri qaytara bilməlidir. Hazırda ipoteka kreditinin əlçatanlığına problem şərtlərdən çox mənzillərin qiymətidir”.

Qeyd edək ki, 2023-cü ildə İKZF-nin vəsaiti hesabına ötən il ərzində müvəkkil banklar tərəfindən 459,4 milyon manat həcmində 5 563 ipoteka krediti (348,5 milyon manat məbləğində 3 884 adi ipoteka krediti və 111 milyon manat məbləğində 1 679 güzəştli ipoteka krediti) verilib ki, bu da Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir. Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.