METBUAT.AZ

Siyasət

“Ermənistan 500 milyonluq müqavilə imzalaya bilirsə, təzminat da ödəyə bilər”

6 Mart 2024 12:49

“Ermənistan Azərbaycana reparasiya verməlidir. Bu dünyada qəbul edilmiş üsuldur. Vaxtilə İraq Küveytə hücum edəndə həmin ərazini dağıdıb, talan etmişdi. Daha sonra BMT Təhlükəsizlik Şurasının qərarına əsasən bu günə qədər Küveytə vurduğu zərərin təzminatını ödəyir. Ermənistan da 30 il ərzində işğalda saxladığı torpaqlarımıza vurduğu zərərə görə, təzminat ödəməlidir”.

Metbuat.az-ın məlumatına görə, bu açıqlamanı siyasi şərhçi Murad Saddədinov edib. Ekspert vurğulayıb ki, Azərbaycan bu məsələni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müzakirəyə çıxara bilər:


“Biz Qoşulmama Hərəkatında böyük nüfuza malik dövlətik. Orada olan dövlətlərin yarısını səsini toplaya bilsək bu məsələ həllini tapa bilər. Ermənistan 44 günlük müharibədən sonra bütün dünya qarşısında ağlayaraq təzminat ödəyəcək gücünün olmadığını deyirdi. Bu gün isə 500 milyonluq müqavilə imzalamağa imkanı varsa, bizə qarşı istifadə üçün silah alırsa, təzminat da ödəyə bilər. Bütün dünyaya bəllidir ki, işğaldan azad edilən bütün rayonlarımız dağıdılıb. Əldə olan faktlar sənədləşdirilib, sübutlar var. Nəticə əldə edə bilməsək də bunu Ermənistanın başı üstündən “Domokl qılıncı” kimi asmaq mümkündür”.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdən daşınan sərvətlərlə bağlı 150 milyard dollarlıq bir təzminat işinin açıldığını qeyd edən politoloq vurğulayıb ki, beynəlxalq məhkəmələr mövcud olsa da, iş prinsipləri, istiqamətləri ayr-ayrıdır.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.