1 Mart 2024 15:58
“Bu təmərküzləşmənin bələdiyyələrin fəaliyyətinə ciddi təsiri olmayacaq. Bələdiyyəni bir qurum kimi dirçəltmək lazımdır”.
Bu fikirləri Metbuat.az-a millət vəkili Fazil Mustafa deyib. Deputat düşünür ki, bununla bağlı qanunlarda ciddi dəyişiklik edilməlidir:
“Bu birləşmə nəyi dəyişəcək ki? Fəaliyyətsiz bir qurum digərinə birləşirsə, burada yeni bir situasiya ortaya çıxmır. Bizim təklifimiz odur ki, bələdiyyələrə böyük bir səlahiyyət verilsin. Nəticədə, onlar real fəaliyyət orqanına çevriləcəkdir. Əsas məsələ budur. Əgər bu addım atılmazsa, təmərküzləşmə birləşmə heç bir böyük bir əhəmiyyət daşımayacaq”.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Toplantının gündəliyindəki 3 məsələ müzakirə olunub. Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilib.
Gülbəniz Hüseynli / Metbuat.az