19 Mart 2024 10:21
"Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, Norvuz bayramının əsas mərasimlərindən olan ötən çərşənbə axşamı da arzuolunmaz hadisələr baş verib. Belə ki, paytaxt ərazisində keçirilən çərşənbə mərasimləri zamanı 2 nəfər bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb".
Metbuat.az xəbər verir ki, bu barədə FHN-in müraciətində qeyd edilib.
"Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə deyilir.