METBUAT.AZ

Gündəm

“Güclü qadın bir çox sahələrə töhfə verə bilər” -

8 Mart 2024 13:30

“Qadınlarda inteqrasiyaya meyillilik, “şəbəkələşmə” dediyimiz toplumlara qoşulmaq həvəsi ilahidəndir. Bu, qadınların genində var, çünki onlar bir evdən başqa bir evə gəlin köçmək, başqa ailələrə qovuşmaq kimi müqəddəs missiyalar ilə doğulurlar”.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova deyib. Müsahibimiz bildirib ki, bu xüsusiyyət qadınların cəmiyyətin inkişafı üçün gizli potensialı sayılır:

“Biz bu potensialı üzə çıxarmaq, irəli çəkmək və ona layiq olduğu səviyyədə dəyər vermək istəyirik. Arzumuz odur ki, cəmiyyət bu dəyərli resursdan daha çox faydalansın və bu resursun inkişafına töhfə versin, amma “hansı yolla, hansı alətlərdən istifadə etməklə?”,- deyə soruşsanız bu sahədə yanaşmalar müxtəlifdir deyərəm.

Azərbaycan Kənd Qadınları Assosiasiyası İB olaraq bizim missiyamız kənd qadınlarının həyatını liderlik və sahibkarlıq vasitəsi ilə dəyişməkdir. İqtisadi baxımdan güclü olan qadın yaşadığı ərazidə infrastruktura, istərsə də sosial məsələlərə daha çox töhfə verə bilir və bu zaman nüfuz, hörmət qazanır, sayılanlardan olur”.

Qadınların cəmiyyətə inteqrasiyası barədə danışan Assosiasiyasının sədri qeyd edib ki, inteqrasiya asan proses deyil, burada iştiraklılıq, inklusivlik (cəlb olunma) və həm də assimilyasiya məsələsi var:

“Biz kənd qadınlarının cəmiyyətə inteqrasiyasını sürətləndirmək istəyiriksə, o zaman onların cəmiyyətin inkişaf tələblərinə cavab verə bilmək imkanlarını da düşünməliyik. Buradailk öncə bacarıqların artırılması, daha sonra resurslara çıxışın təkmilləşdirilməsi nəzərdə tutulur. Qadınların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək üçün milli səviyyədə layihələrə və proqramlara ehtiyac var”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.