METBUAT.AZ

Gündəm

Hansı deputatlar oruc tuturlar?

12 Mart 2024 15:42

On bir ayın sultanı müqəddəs Ramazan ayının ikinci gününü yaşayırıq. Bu ayda müsəlmanlar üçün oruc tutub, namaz qılmaq, Allaha şükr etmək, nəfsə qalib gəlmək vacib əməllərdən sayılır. Orucun əsas məqsədlərindən biri də insanları günah əməllərdən çəkindirməkdir.

Metbuat.az Ramazan ayında millət vəkillərinin oruc tutub tutmaması, eyni zamanda bu ayın fəziləti barədə sorğu ünvanlayıb:

Millət vəkili Fazil Mustafa bildirib ki, hazırda Ramazan ayında oruc tutmaqdan daha çox oruc modası nümayiş etdirənlər çoxluq təşkil edir. Millət vəkili düşünür ki, kiminsə oruc tutmağı hədəf deyil, ədalətli, dürüst insan olmağı hədəfi olmalıdır:


“Ramazan ayında oruc tutmaq insanın mənəvi borcudur. Quran ayəsində deyildiyi kimi, Allaha qarşı gəlməkdən çəkinməsi üçün tələb olunan ritualdır. Ona görə də bunu tutub tutmamaq insanın mahiyyətində xüsusi bir şeylər dəyişmir. Əsas odur ki, hədəfləri insanda özünü əks etdirsin. Hədəflər də cəmiyyətə faydalı olmaq, xeyirli işlər görməkdir. Əgər oruc tutub hansa, xeyirsiz işlər görəsənsə, öz ölkənə xəyanət edirsənsə və hansısa bir şəkildə yenə də insanlara zülm edərsənsə, bu, tutulan orucun statistikadan başqa hansı əhəmiyyəti ola bilər? Biz Ramazan ayında İlahidən gələn fürsəti dəyərləndiririb, oruc tutmaqla heç olmasa ömrümüzün bir ayını bir az özümüzü təftiş edə bilərik”.

Millət vəkili qeyd edib ki, Ramazan ayında hər kəs düşünməlidir ki, özünü necə yaxşı istiqamətdə dəyişə, təkmilləşdirə bilər:

“Əgər düşüncə olaraq sabahkı gün irəli deyil, geriyə gediriksə bu, faydalı sayıla bilməz. Rituallar ancaq insanın təkmilləşməsinə, yeniləşməsinə xidmət edir. Bunu doğru qiymətləndirən insanlar hər sahədə uğurlu insanlar sayıla bilərlər”.

Millət vəkili Azər Badamov bu ayın fəzilətlərini xüsusi qiymətləndirərək bildirib ki, o hər il oruc tutur:


“Hər il olduğu kimi, bu il də oruc tuturam. Allah oruc tutanların da hər birinin oruclarını qəbul etsin”.

Millət vəkili Sahib Alıyev də saytımıza verdiyi açıqlamada bildirib ki, o 1994-cü ildən başlayaraq hər il oruc tutur.


Hər il olduğu kimi bu il də oruc tutduğunu qeyd edən millət vəkili Kamilə Əliyeva, vurğulayıb ki, səhhət ilə əlaqədar insan oruc tuta bilmirsə bu günah sayılmır, çünki Allah bağışlayandır:


“İslam dini çox humanist dindir. Belə halda , yəni səhhətində problem olan insanların oruc tutmasının tərəfdarı deyil. Əgər səhhətinə əlaqədar hər hansı bir şəxs oruc tuta bilmirsə vəmaddi vəziyyəti imkan verirsə kasıb, imkansız ailələri ziyarət edib, onlara maddi cəhətdən köməklik edə bilər. Bunun özü də bir savab əməldir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.