METBUAT.AZ

Siyasət

İranda seçkilərin həqiqi siması:

4 Mart 2024 13:08

Martın ikisində Cənub qonşumuz İranda parlament seçkiləri keçirildi.

Seçkilərin nəticələri barədə Azərbaycan Mərkəz Partiyasının üzvü, siyasi şərhçi Elyar Kamrani Metbuat.az-a açıqlama verib. Onun təhlilinə görə, bu seçkilər bir qrup şəxsin nəzarətində sanki nümayiş kimi keçirilib:


“İranın seçki tarixində ən zəif seçimlər keçirilib. Hətta öz namizədləri də bu seçkilərdə iştirak etmədilər. Xamneyinin siyasi ömrünün az olmasını düşünərək elə bir seçki sistemi qurdular ki, ancaq onların təyin etdiyi namizədlər seçkiyə qatılmışdı. Ümumi seçkidə iştirak payı 28 faiz olub. Hətta Tehranda 4 faiz seçici aktivliyi müşahidə edilib. Məhz bu səbəblərdən seçkilər ikinci tura qalıb. İranın tarixində belə az qatılımlı başqa bir seçki olmamışdı. Bəzi məlumatlara görə, Qərbi Azərbaycan vilayətində seçkilərə aktivlik müşahidə edilsə də türk seçicilərin sayca üstün olmasına baxmayaraq, kürd terrorçu qruplaşmaları və qaçaqmalçıları ilə əlbir olaraq Maku, Sulduz və Urmiyə başda olmaqla bir çox Azərbaycan şəhərlərini bu seçkidə kürd bölgələri kimi tanıtsınlar deyə Qərbi Azərbaycanda seçkilərdə 7 kürd, 4 türk namizəd seçilib. Bu da İranın daxildə türklərin gücləməsindən qorxaraq seçkinin saxtalaşdırılması üçün atdığı addımlardan biridir”.

Ekspert qeyd edib ki, azad və şəffaf olmadığı üçün seçici qatılım çox aşağı səviyyədə olan bu seçki prosesindən sonra dünya İranın hazırkı siyasətinə bir daha baxmalı olacaq:

“Ümumiyyətlə, bütün dünya İranın daxili siyasətinin nədən ibarət olduğuna şahiddir. Hazırkı hakimiyyət bir daha beynəlxalq ictimaiyyət qarşısında rəzil vəziyyət düşdü. Hesab edirəm ki, bu seçkilərdən sonra gələcəkdə hakimiyyətdə böyük dəyişikliklərin şahidi olacayıq”.

Qeyd edək ki, İranda 87 milyon sakinindən 61 milyondan çoxu səsvermə hüququna malikdir. Ekspertlər Şurasında 88 yer üçün 144 namizəd, İran parlamentində isə 290 yer uğrunda 15 200-dən çox namizəd mübarizə aparıb. May ayının sonunda parlamentin yeni tərkibinin ilk iclasının keçiriləcəyi gözlənilir.

Gülbəniz Hüseynli / Metbuat.az



metbuat.az.