8 Mart 2024 12:03
BMT insan hüquqlarına ehtiramın, multikulturalizm ideologiyasının üzərinə qurulan bir təşkilatdır. Bu təşkilat təəssüf ki, islamofobiyanın qarşısını ala bilmir.
Metbuat.az xəbər verir ki, bu sözləri Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı panel iclasında deyib.
İslamofobiyanın ideoloji faciəyə çevrildiyini bildirən Məhəmməd Beçəri qeyd edib ki, islamofobiya dolu fikirlər artıq bir sıra Avropa ölkələri liderlərinin çıxışlarında görülür:
“Müsəlman qadınlar hicab geyindikləri üçün işləyə, təhsil ala bilmirlər. Onlar ictimaiyyətdə çox ciddi ayrı-seçkiliklə üzləşirlər. Qərb ölkələrində 50 milyona yaxın müsəlman yaşayır. Ancaq onlar həmin ölkənin vətəndaşları ilə eyni dəyəri görmürlər”
Məhəmməd Beçəri islamofobiya hallarının qarşısını almaq üçün təkliflər irəli sürüb: “Bütün dünya dövlətlərində dinlərə qarşı ayrı-seçkilik cinayət kimi qəbul olunmalı və bununla bağlı beynəlxalq qanun təsis edilməldir. Digər məsələ isə, ictimaiyyətdə İslamla bağlı düzgün təsəvvürün formalaşmamasıdır. Seminarlar, forumların keçirilməsi olduqca vacibdir. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm”.