25 Mart 2024 10:29
"Bitkoin (BTC) mart ayında ilk dəfə olaraq tarixi maksimum qiymətə, 73.777 dollara çatıb. Paralel olaraq digər altkoinlər də dəyər qazanıb. Kriptovalyutaların qiymətlərinin yüksəlməsi investorların rəqəmsal aktivlərə diqqətini çəkib və bu sektora marağı daha da artmağa başlayıb. Diqqət cəlb edən məqam odur ki, 2017 və 2021-ci illlər ilə müqayisədə hazırda kriptovalyuta bazarına daxil olan əsas investorlar daha təcrübəli korporativ şirkətlər və uzunmüddətli vizyonu olan investisiya fondlarıdır. Kriptovalyutalar kifayət qədər riskli aktivlər olsa belə faktiki olaraq hazırda ən gəlirli investisiya aləti statusunu özündə saxlayır".
Bu sözləri Metbuat.az-a açıqlamasında kriptovaltuya üzrə ekspert Elnur Quliyev deyib.
O bildirib ki, bir çoxları kriptovalyutaların xüsusiyyətlərini, tətbiq imkanlarını, təhlükəsiz saxlama formalarını bilmədən investisiya etməyi qərara alırlar.
"Qiymətin bahalaşmasını səbəb gətirərək, tələsik investisiya etmək düzgün deyil. İnvestor üçün əsas məqsəd qazanmaqdır lakin, “hamı alır məndə alım” prinsipi kriptovalyuta sektorunda keçərli deyil və ani səhv nəticəsində bütün vəsaitlərinizin itirilməsi ilə nəticələnə bilər. Daha çox qazana biləcəyiniz deyil daha çox bildiyiniz sahəyə yatırım etməniz daha məsləhətlidir. Investisiya etdiyiniz sahə üzrə nə qədər çox bilik və təcrübəniz olsa bir o qədər uğur qazanmaq şansınız çox olacaq. Hətta, hazırda bəzi insanlar fikirləşir ki, gərək bitkoin 20.000 dollar və ya ethereum 1.200 olanda alardım".
Ekspert qeyd edib ki, istənilən investisiya müəyyən risk ilə müşayət olunur ki, kriptovalyutaların qiymətinin volatilliyi faktoru bu riskləri ikiqat daha çox artırır.
"Təcrübə onu göstərir ki, yaşı 35-dək olan investorların əksəriyyəti qısa müddətdə daha çox qazanmaq üçün nisbətən riskli aktivlər olan kriptovalyutalara investisiya etməyi üstün tuturlar. Hətta bəzi investorlar hesab edir ki, kriptovalyutalarn qiyməti ancaq artan temp üzrə gedir və ya daim belə olacaq. Lakin təcrübə göstərdi ki, qətiyyən belə deyil. Kriptovalyuta bazarında qiymətlərin dəyişməsi müxtəlif fundamental faktorlardan aslıdır. Bu səbəbdən qiymətə təsir edən faktorları analiz edərkən səbrli və soyuqqanlı olmaq lazımdır. Qiymətin düşdüyü zaman tələsik qərar verib investisiyanı cıxarmaq və ya qiymətlərin artdığı vaxt əlavə investisiya etməyə tələsməyin".
Elnur Quliyev onu da vurğulayıb ki, əgər iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin.
"Bu sektorda daha təcrübəli olan ekspert və ya real kripto-investorlarla məsləhətləşin. Rəqəmsal aktivlərlə bağlı araşdırma, təlim və konsultasiyayalara pul xərcləməkdən qorxmayın. Öyrənin! Çünki bilgisizlik sizə daha sonra baha başa gələcək. Hazırda sosial şəbəkələrdə kripto təlim reklamları kifayət qədər çoxalıb. Loru dildə desək “yerindən duran” təlim keçməyə başlayıb. Doğrusu, bu sektorda həvəskar gənclərin öyrətmək təşəbbüsünü müsbət qarşılayıram. Amma insanlara yüksək qazanc vəd vermək və təkcə birjada alqı-satqı prosedurlarını öyrətməklə iş bitmir. Təlim keçmək və ya akademik tədris proqramı tərdtib etmək artıq başqa peşədir. Odur ki, təlimi seçərkən mütləq şəkildə təlim təklif edən şirkəti, təlimçinin təhsili, maliyyə və ya İT sahəsində iş təcrübəsinin olmasını, hazırda hansı real proyektdə çalışması barədə araşdırın. Kriptovalyuta sektorunda hər gün yüzlərlə yeni kripto layihələr təqdim olunur və onları analiz etmək üçün sizin ən azı bu sektor üzrə fundamental bilikləriniz olmalıdır".
Seyranə Quliyeva / Mətbuat.az