1 Mart 2024 15:28
Mart ayı bayramların bol olduğu ay olsa da, bu ayla bağlı "Mart gəldi, dərd gəldi", "Mart çıxdı, dərd çıxdı" kimi məsəllər də yayılıb. Bəs bu ziddiyyət nədən irəli gəlir?
Metbuat.az bildirir ki, əksər folklorşünaslar bunu ilk olaraq martda havanın qeyri-sabit keçməsi ilə əlaqələndirirlər. Qədim miflərin birində isə martda havanın qeyri-sabit keçməsi belə izah edilir:
"İnsanlar ayları müəyyənləşdirdikləri zaman bütün aylara 32 gün, marta isə 14 gün düşüb. Mart bu haqsızlığa etiraz etdiyi üçün, digər aylar öz günlərindən birini marta veriblər və mart 25 gün olub. Lakin mart yenə də bununla razılaşmadıqda, bəzi aylar ona öz günlərini verməkdən imtina ediblər, bəzi aylar isə marta daha bir gün veriblər. Beləliklə, mart digər ayların günlərini özündə daşıdığı üçün onda hər fəsilə uyğun hava müşahidə etmək olur".
Mövzu ilə bağlı saytımıza danışan folklorşünas, professor Seyfəddin Rzasoy isə mart ayı ilə məsəlləri belə izah edir:
"Nəzərə almaq lazımdır ki, "Mart gəldi, dərd gəldi", "Mart çıxdı, dərd çıxdı" kimi ifadələrdə "mart" sözü sonrakı dövrlərdə əlavə edilib. Əvvəllər bizim özümüzəməxsus təqvimimiz olub, buna "xalq təqvimi" deyirlər. Böyük çillə 40 gün, kiçik çillə 20 gün davam edir. Daha sonra isə Boz ay gəlir və 1 ay davam edir, çərşənbələrə bölünür. Yəni "Mart çıxdı, dərd çıxdı" ifadəsi sonradan "mart" və "dərd" sözlərinin alliterasiyası, səsləşməsi ilə yaranıb. Bu, məsələnin zahiri tərəfidir".
Professor qeyd edib ki, bu məsəllərin arxasında dayanan təqvim hadisəsi var:
"Məsələ Boz ayın - mart ayı dövrünün çətin dövr hesab edilməsi ilə bağlıdır. Bu, birbaşa xalqın iqtisadi həyatı ilə bağlıdır. Müasir dövrdən fərqli olaraq, keçmişdə texnika yox idi və hər şey əl ilə edilirdi. Məsələn, taxılın əkilməsi, biçilməsi, onun döyülməsi və sair. Əgər soyuq havalar çox çəkirdisə, bu, yem ehtiyatının bitməsi ilə nəticələnirdi. Kəndlilər soyuq havalarda heyvanlarını sahələrə buraxa bilmirdilər. Lakin martdan sonra torpaq cücərməyə başlayırdı və kəndli heyvanını sahəyə buraxa bilirdi. Yəni yemi bitmiş kəndli üçün martın çıxması, dərdin çıxması idi. Bu inanc sırf heyvandarlıq konteksində yaranmış bir inancdır, ümumi deyil.
Eyni zamanda, mart ayında il təhvil olurdu, insanlar bayramda alovun üstündən atılaraq dərdlərindən, ağırlıqdan qurtulurdular, köhnə əşyaları, geyimləri atıb, yenilərini alırdılar".
Cavidan Mirzəzadə / Metbuat.az