METBUAT.AZ

Ölkə

Məhkumlar kompüter kurslarına cəlb ediləcək -

18 Mart 2024 13:47

Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumlar kompüter kurslarına cəlb ediləcək.

Metbuat.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Lənkəranda yeni istifadəyə verilmiş penitensiar kompleksində keçirilmiş mediatur zamanı ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələri, eləcə də Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmət təkmilləşdirilir:

“Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların, təqsirləndirilən şəxslərin şəraiti yaxşılaşdırılır, hüquq və imtiyazları genişləndirilir. İdarəetmədə innovativ texnologiyalardan istifadə edilir. Bir neçə ay əvvəl Umbakı Penitensiar müəssisəsinin fəaliyyətə başlaması, eləcə də Lənkəranda yaradılan yeni cəzaçəkmə müəssisəsi məhkumlara diqqət və qayğının nümunəsidir. Beynəlxalq normalara uyğun olaraq kompleksdə bütün müasir tələblər nəzərə alınıb. Müəssisədə məhkumların məhkəməyə "online" qoşulması üçün xüsusi yerlər və üz tanınması üçün xüsusi kompüterlər var. Məhkumların asudə vaxtlarını səmərəli keçirmək üçün idman zalları, kompüter biliklərinin artırılması üçün xüsüsi yerlər nəzərdə tutulub. Eləcə də, islah işlərini aparmaq üçün müvafiq yerlər var".

"İki hissədən ibarət olan müəssisənin saxlanma limiti 1300 nəfərdir. Müəssisə ərazisində uzun və qısamüddətli görüş otaqları, rejim korpusları, istehsalat sahəsi peşə biliklərinin artırması üçün tədris sahəsi və digər köməkçi sahələr nəzərdə tutulub. Etibarlı mühafizə üçün mühafizə taboru, eləcə onun tərkibində konvoy tağımı fəaliyyət göstərəcək. Müəssisənin əməkdaşları üçün ərazidə 6 mərtəbəli, 2-3 otaqlı 30 mənzilli tam təmirli, təchizatlı yaşayış binası inşa edilərək istifadəyə verilib. Yaradılan şərait insan hüquqlarının qorunmasına istiqamətlənən əyani nümunədir"-, deyə Oqtay Məmmədov qeyd edib.

Metbuat.az


metbuat.az.