METBUAT.AZ

Siyasət

Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edildi

30 Mart 2024 00:19

Martın 29-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib.

Cənubi Qafqazdakı hazırkı vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunulub.

Görüş Rusiya-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlıq ruhuna uyğun gələn ənənəvi dostluq və etimad şəraitində keçdi.


metbuat.az.