14 Mart 2024 17:12
“Ermənistanın 30 ildən çox işğal altında saxladığı kəndlərin Azərbaycana qaytarılması ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnəcək”.
Bu fikirləri Metbuat.az-a hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bildirib ki,Azərbaycan digər azad olunan ərazilər kimi bu kəndləri də bərpa edərək yerli sakinləri öz doğma yurd yuvalarına qaytara biləcək:
“Bu kəndlərin azad olunması ilə Ermənistanın Azərbaycan torpaqlarında mövcud olan müdafiə mövqeləri tamamilə aradan qalxacaq və Azərbaycan Ordusu Ermənistan ilə Gürcüstanı birləşdirən magistral yola tamamilə nəzarət edəcək. Yəni Ermənistan bu yoldan istifadə etmək imkanlarından məhrum olacaq.
Digər tərəfdən isə, Azərbaycan Ermənistanla delimitasiya prosesinə başlamaq üçün gözəl bir imkan əldə edəcək. Bu proses çərçivəsində Azərbaycan Ermənistan ərazilərinə daha yaxın mövqelər əldə edəcək. Bu isə təbii ki, geri çəkilməyə və yeni mövqelərdə sərhəd xəttini inşa etmək məcburiyyətində qalacaqlar. Ermənistan kəndində yaşayan əhali isə daha yaxından Azərbaycan əsgərini, Azərbaycan mövqeləri Azərbaycan əsgərini müşahidə etmək imkanları əldə edəcək.”
Siyasi şərhçi Cavanşir Abbaslı isə düşünür ki, Nikol Paşinyanın tez-tez fikir dəyişdirdiyinin zaman-zaman az şahidi olmamışıq. Bu baxımdan onun bu fikirlərinin həyata keçmək imkanlarının nə qədər real olub-olmadığını yaxın vaxtlarda görəcəyik:
“İstənilən halda bu açıqlamaları müsbət istiqamətdən dəyərləndirmək olar. Görünür, erməni baş nazir Azərbaycan mediasında Qazaxın 7 kəndi+Naxçıvanın Kərki kəndini Azərbaycan ordusunun belə getsə, bir neçə saatlıq əməliyyatla geri qaytara biləcəyi ilə bağlı tez-tez gedən məlumatlarla yaxından tanışdır. Paşinyan da Dəmir Yumruğun nə olduğunu yaxşı bilir. Xüsusilə, ötən il 19-20 sentyabrda ordumuzun lokal xarakterli antiterror əməliyyatları ilə tarixi şəhərimiz Xankəndi azad etməsindən, qondarma rejimi tarixin zibilliyinə birdəfəlik atmasının üzərindən çox da keçməyib. Ard-arda ağır məğlubiyyətlər yaşayan Paşinyan artıq hakimiyyətinin tam şəkildə dalana dirənməkdə olduğunu yaxşı görür. Onun üçün də 4 kənd məsələsindən danışır və vaxtı bir qədər də uzatmağa çalışır. Düşünürəm ki, bu dəfə onun dediklərinin həyata keçməsi daha real görünür. Xüsusilə, Ali Baş Komandan İlham Əliyevin bu günkü açıqlamalarında Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox yaxın olduğumuzu deməsi çox ciddi proseslərin getdiyinin mesajı idi. Artıq ümid etmək gərəkir ki, bölgəyə sülh gələ bilər”.
Siyasi şərhçi bu kəndlərin qaytarılmasının Azərbaycan üçün hansı perspektivlər vəd etməsindən də danışdı:
“O kəndlər yerləşdiyi məkana görə çox stratejidir. Bu kəndlərdən Bağanıs Ayrım avtomobil yolu üzərində yerləşdiyi üçün xüsusi strateji əhəmiyyətə malikdir. Barxudarlı dağətəyi ərazidə yerləşir. Digər qalan kəndlər barədə də bunu söyləmək mümkündür. Heyvandarlıq və əkinçiliklə məşğul olmaq üçün çox əhəmiyyətli ərazilər hesab olunmalıdır. Bu baxımdan ermənilərin təlaşını başa düşmək çətin deyil. Onu da qeyd edim ki, kənd məsələləri bir müddət öncə Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyan arasında keçirilən görüşdə müzakirə edilmişdi. Yəni Paşinyanı bu açıqlamaları verməyə məcbur edən yol qət edilib. Əks təqdirdə o belə açıqlama verməzdi. Son dönəmlərdə beynəlxalq səviyyədə keçirilən ikitərəfli görüşlərin hər birində Azərbaycan tərəfin önə çəkdiyi məsələlər sırasında bu kəndlər ön sıralarda yer alıb”.
Gülbəniz Hüseynli / Metbuat.az