21 Mart 2024 11:10
2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.
2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.
Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.
Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.
Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ölkəmizdə aylıq pensiyaların orta məbləği bu il 441,3 manat təşkil edib.
Qeyd edək ki, ötən il bu rəqəm 372,1 manat təşkil edib. Yəni, keçən bu müddət ərzində Azərbaycanda pensiyaların orta məbləği 69 manatdan çox (18,6 faiz) artıb.
Bu il pensiyaların orta məbləği orta aylıq əmək haqqının 47,3 faizinə bərabər olub. Ötən il bu rəqəm 44,3 faiz olub.
Ötən ilin əvvəlinə olan məlumata görə, ölkəmizdə 418 min sosial müavinət alan şəxs olub. Bu ilin əvvəlində isə rəqəm 442 min təşkil edib. Yəni, 1 il ərzində sosial müavinət alanların sayında 24 mindən çox artım qeydə alınıb.
Ünvanlı dövlət sosial yardımı alanların sayı 1 il ərzində azalıb, yardımın orta məbləğində isə artım qeydə alınıb. Belə ki, ötən ilin əvvəlinə olan məlumata görə, 65,5 min aztəminatlı ailənin 290,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıbsa, bu il 64 min aztəminatlı ailənin 272,3 min üzvü alıb.
2023-cü ilin əvvəlinə olan məlumata görə, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib, bu il isə 114,3 manat olub.