12 Mart 2024 14:37
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib ki, artıq "Qoca qitə"nin silah ehtiyatı tükənib.
Borelin fikirlərindən belə məlum olur ki, Avropanın Ukraynaya silah tədarükü ilə bağlı ciddi problemləri yaranıb.
Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov hesab edir ki, hərbi ehtiyatın tükənməsi barədə fikirlər bütövlükdə Avropa üçün real səslənmir:
“Əgər belə bir vəziyyət varsa, bu, Ukrayna üçün nəzərdə tutulmuş resurslara aiddir. Ola bilsin ki, Ukraynadakı müharibə Avropanın Qərbin düşündüyündən daha çətin oldu və daha uzun çəkdi. Ümumiyyətlə bu açıqlamaların səmimiliyinə şübhə ilə yanaşıram. Düşünürəm ki, bu tipli açıqlamalar hər şeydən əvvəl manipulyasiyaya cəhddir. Birincisi, Ukrayna rəsmiləri xüsusən də prezident Zelienski Avropanı silah sursat tədarükünün ləngidilməsində ittiham edir. Ola bilər ki, bu açıqlamalar gələcəkdə dəstəyin daha da azaldılması üçün zəmin yaratmaq üçün səsləndirilir. Müharibənin əvvəllində Avropa və Amerika eyni mövqedən çıxış etsələr də, hazırda tamam fərqli rakurslardan yanaşırlar.
Hesab edirəm ki, indiki halda Qərbin Ukraynanın kürəyindən əlini çəkməsi Ukraynanın məhv olması deməkdir. Bu oyunu başladan Qərb heç olmasa Ukraynanın arxasında dayanmalıdır. Əgər çəkilərsə, bu gələcəkdə Qərbin özünə də baha başa gələ bilər”.
Yaxın gələcəkdə Rusiya-Ukrayna arasında barışığın əldə olunmasının yaxın və uzaq perspektivdə gözlənilmədiyini qeyd edən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a vurğuladı ki, ya Rusiya Kiyev üzərində qələbə çalacaq, ya da Ukrayna Rusiyanı Qərbin köməkliyi ilə ərazisindən çıxaracaq:
“Bu geopolitik qarşıdurmadır. Bəli, ABŞ-nin maliyyə və silah yardımının gecikməsi, Avropa İttifaqında fikir ayrılıqları bu böhranda Rusiyanın müəyyən qədər təşəbbüsü ələ alması ilə nəticələnir. Amma göründüyü kimi, Fransa, Böyük Britaniya, Almaniya silah partiyalarını Ukraynaya göndərməyə çalışır. Qərb dövlətləri yaxşı bilir ki, Rusiya Ukrayna üzərində qələbə çalarsa, hədəf Polşa, Baltikyanı ölkələr, Avropa olacaq. Bununla da Rusiya fövqəldövlət statusu alacaq. Düşünürəm ki, Avropa İttifaqı, Avropa dövlətləri müəyyən bir razılığa gələrək, Ukraynaya hərbi yardımları artıracaqlar”.
Rusiya-Ukrayna böhranında ABŞ-nin fikir ayrılıqları məsələsinə toxunan politoloq qeyd edib ki, Vaşinqton da artıq Avropanın təhlükəsizliyini öz öhdələrinə buraxıb, hətta NATO da bu prosesdə kənar qalıb:
“Bütün bunlar birmənalı şəkildə göstərdi ki, Amerikaya etimad etmək olmaz. Amma buna baxmayaraq, Rusiya Ukraynanı gec-tez ya sülh, ya danışıqlar, ya da hərbi yolla öz nəzarəti altına alacaq. Hazırda bunu hərbi yolla həyata keçirir. NATO buna imkan verərsə, bu Alyansın tamamilə parçalanmasına gətirib çıxaracaq. Amma hesab edirəm ki, Qərb nəhayət ki, Rusiya təhlükəsini dərin anlayıb, yay aylarında Ukraynaya hərbi yardımları genişləndirəcək. Rusiyanın bu hücumları Avropanın, Amerikanın dünya üzərində hegemonluğuna son qoyacaq”.
Gülbəniz Hüseynli / Metbuat.az