METBUAT.AZ

Hadisə

Qobuda it parçalayan uşağın vəziyyəti ağırdır -

4 Mart 2024 11:06

“Qobu Park”da azyaşlıya sahibsiz itlərin hücum etməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.az-a faktı təsdiqləyib:

"Hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib".

TƏBİB-dən Metbuat.az bildirilib ki, xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti ağır qiymətləndirilir:

"03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.