METBUAT.AZ

Sağlamlıq

Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin ayıdır

11 Mart 2024 13:14

"Ramazanda qidalanma zamanı doğru bilinən yanlışlar var .Xüsusən də imsakda nə qəbul etməyimiz, günə necə başlamağımız məhz Ramazan ayının sağlam keçirməyimizə xidmət edir. Ona görə də mütləqdir ki, insanlar imsak vaxtı qida qəbul etsin. Şahidi oluruq ki, bəzi insanlar imsaka qalxa bilmir və qida qəbul etmədən oruca başlayırlar. Tövsiyələrdən ən birincisi də budur ki, imsaka 3-4 stəkan su qəbul etməklə başlanılsın".

Bu sözləri Metbuat.az-a açıqlamasında dietoloq Leyla Zülfüqarlı deyib.

O bildirib ki, bəzən insanlar elə düşünür ki, xurma yalnız iftar yeməyinə aiddir. Amma belə deyil.

"Mütləqdir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq. Xurma yeganə meyvədir ki, təbii kofein və karbohidrat qaynağıdır. Bu baxımdan, hər səhər imsakda 3-4 ədəd xurma qəbul etmək məsləhətdir. Həmçinin imsakda bir ovuc qoz yeməyi məsləhət görürəm. Ümumiyyətlə, badam, qoz və digər çərəzlərin tərkibində magnezium, dəmir maddələri var. Çalışmaq lazımdır ki, qara çaydan, qəhvədən az istifadə olunsun. Çünki bunlar bizi daha çox susada bilər. Buna görə adi su qəbul etmək daha yaxşıdır. Hər zaman deyirəm ki, Ramazan ayı qarınqululuq ayı deyil, nəfsinə hakim kəsilməklə bütün günü iftarı gözləyən insanlar iftar vaxtı bütün nemətləri eyni vaxtda qəbul etməməlidirlər".

Dietoloq qeyd edib ki, əksəriyyət iftar vaxtı həddindən artıq böyük porsiya ilə yemək qəbul edir, yeməkdən dərhal sonra çay içir və s. Bunlar da orqanizm üçün ziyanlıdır və mədənin böyüməsinə səbəb olur.

"Bu baxımdan, Ramazan ayında əsasən bizi tox tutacaq qidaları qəbul etmək lazımdır. Məsələn, tam taxıllı, çovdar unundan ibarət çörək mütləq yeyilməlidir. İmsakda bir-iki dilim belə mütləq yeyilməlidir. Həmçinin tövsiyə olunur ki, iftarda daha çox bol tərəvəzli qidalar, süd, qatıq məhsullarından istifadə olunsun. Hər gün iftardan sonra ən azı bir stəkan qatıq mütləq qəbul olunmalıdır.

Bir məsələyə xüsusi diqqət etmək lazımdır - iftar vaxtı qidalar hissə-hissə qəbul olunmalıdır. Belə ki, hər bir qida arasında bir saat interval olmalıdır. İlk olaraq su və sulu qidalara, daha sonra salatlara, sonda isə ət məhsullarından ibarət yeməklərə üstünlük verilməsi vacibdir.

Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də qastrit və yaxud qəbizlik ortaya çıxır. Bu da o deməkdir ki, həmin şəxslər orucluq ayında düzgün qidalanmayıb. Mən həmişə deyirəm - dietologiya elmi ilə Tanrının buyurduqları eynidir. Ramazan ayı da sağlam qidalanmaya keçid üçün bir tramplin ayıdır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.