6 Mart 2024 12:07
“Sentyabrın 19-20-də keçirilən əməliyyatlar zamanı keçmiş “artsax” liderlərindən bəziləri intihar etmək istəyirdilər”.
Metbuat.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni siyasi şərhçi Tiqran Köçəryan çıxış edib.
O, separatçı “rəhbərlərin” Qarabağda ruslara güvəndiklərini, lakin tək və köməksiz qaldıqlarını bildirib:
“Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit İşxanyan döyüşlər zamanı Qarabağda gizləniblər, lakin tək və köməksiz qalıblar. Məndə olan məlumata görə, bəziləri intihar etmək istəyiblər. Lakin həmin vaxt “artsax”da bəzi vəzifələrdə xidmət edən şəxslərin Ermənistana keçidi ilə bağlı problem yaranıb, onlar Azərbaycan qüvvələrinin nəzarətinə keçiblər. Bakı birbaşa “artsax” “rəhbərliyinə” məlumat göndərib ki, keçmiş “liderlər” sağ ələ keçirilməlidir: əgər onlardan biri belə intihar etsə, bu, başqaları üçün çox pis nəticələnəcək. Bundan sonra digər “artsax” “rəsmiləri” keçmiş “liderləri” intihar fikrindən çətinliklə də olsa daşındıra biliblər”.
T.Köçəryan separatçılar arasında ən çox Araik Arutyunyanın Rusiyaya güvəndiyini, onlara arxayın olaraq Qarabağda gizləndiyini və Ermənistana keçməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, Arutyunyan gözlədiyi kimi ruslar tərəfindən müdafiə olunmayıb və separatçılar da onu qoruya bilməyiblər.