27 Mart 2024 11:19
27 mart Ümumdünya Teatr Günüdür. Bu günün keçirilməsi ilk dəfə 1961-ci ildə təklif edilib və 1962-ci ildən ənənəvi olaraq bütün dünyada qeyd edilir.
Metbuat.az bu gün münasibətilə Xalq artisti Afaq Bəşirqızı ilə söhbətləşib. Günümüzdə ölkə teatrlarının vəziyyəti ilə bağlı danışan aktrisa bildirib ki, teatrlarda qəribə bir tendensiya yaranıb:
"Bütün həmkarlarımı, incəsənət xadimlərini bu gün ki, gün münasibətilə təbrik edirəm. Bir qəribəlik yaranıb. Teatrlar var ki, gözəl repertuar ilə, aktyor oyunu ilə yüksəlməyə can atır. Amma teatr var ki, vaxtında qazandığı şöhrətini bu gün də istifadə edir. Bunların hamısını teartın daxili işi və daxili uğursuzluğu adlandırmaq olmaz. Çünki, hamı özü başa düşdüyü kimi, öz zövqünə uyğun çalışır. Bunu ən çox rejissorlara şamil edirəm, öz zövqlərinə uyğun hərəkət edirlər - "Bu tamaşanı mən götürürəm, bu tamaşa çox gözəl tamaşadır" və sair. Bunu tamaşaçı qəbul etməlidir, edəcəkdə. Amma bəzi hallarda tamaşaçı tamaşanı qəbul etmir. Ya rejissor quruluşuna görə, ya aktyor oyununa görə, və yaxud aktyorların düzgün seçilməməyinə, teatrın potensialına uyğun olmadığına görə olur".
Afaq Bəşir qızı hesab edir ki, bu səbəblərdən dolayı incəsənətin ən çətin növü elə teatrdır:
"Mahnı belədir ki, sözlərini başa düşməsən də, melodiyasından duyursan ki, bu gözəl mahnıdır, gözəl ifadır. Amma teatr həm səhnədəki hərəkəti ilə həm daxilindən gələn obrazın təqdimatı, aktyor oyunu, səs ahəngi ilə başa düşülməsinə çalışan aktyorlardır. Bu yaxındarda biz də musiqili teatrda ingilis dilində tamaşa oynanıldı. İndiyə qədər ingilis dili istifafə etməyən aktyorlar həmin o dildə tamaşanı oynadılar. Bu aktyor fədəkarlığıdır. Çünki, aktyor ingilis dilinə bələd olmadığı halda, o dildən gündəlik istifadə etmədiyi halda tamaşanı oynadı. Bu, aktyorun ən böyük uğurudur".
Aktrisa eyni zamanda deyib ki, ölkədə ixtisaslı və eyni zamanda da istedadlı kadr çatışmamazlığı var:
"Bütün bunları nəzərə almaq lazımdır. Hər hansı bir sahənin inkişafı üçün, istər kino istər teatr üçün mütləq və mütləq ixtisaslı və çox istedadlı insan olmalıdır. İstedad o demək deyil ki, səhnəyə çıxasan. Əsl istedad stol arxasında oturub işləri nizamlamaq, sabahı fikirləşmək və bu müəssisənin, bu teatrın gələcəyi üçün müəyyən işləri görə bilmək qabilliyətinə malik olmaqdır.
Bir daha öz həmkarlarımı təbrik edirəm, onlara can sağlığı arzulayıram. Həmişə səhnədə olsunlar. Yaratsınlar, sevinsinlər, beynəlxalq arenalarda görünsünlər.
Seyranə Quliyeva / Metbuat.az