13 Mart 2024 12:05
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək həbs edilən prodüser Təranə Səmədova və sevgilisi Rasim Həsənovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.
Metbuat.az-ın məlumatına görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R. Həsənovla birgə tanışlarından bir nəfərin şəkillərini çəkərək həmin şəkilləri onun ailə üzvlərinə göstərməklə hədələyib pul tələb edib.
T.Səmədova ilə R.Həsənov şantaj nəticəsində həmin şəxsdən 3 min manat tələb edib.
2022-ci ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Bir müddət sonra T.Səmədova ilə R.Həsənov həmin şəxsi təkrar şantaj edərək ondan 1 000 manat da tələb ediblər. Zərərçəkmiş onlara bu dəfə cəmi 130 manat verib.
T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.