6 Mart 2024 15:00
“Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakı sakinləri və qonaqları üçün qapılarını açdı.
Metbuat.az xəbər verir ki, 2019-cu ildən etibarən təşkil olunan bu yarmarka şəhərimizin mərkəzində əsl Novruz ab-havası yaratmaqla yanaşı bir çox ailəyə ümid bəxş edir. Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və burada qurulan evlərin icarə haqqından toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Daha sonra yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat fondun rəsmi vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.
Yarmarkanın açılışı münasibətilə Fəvvarələr meydanı ərazisində möhtəşəm konsert proqramı təşkil olunub. Konsert növbəti dəfə peşəkar “Özəl Media” komandası tərəfindən keçirilib. Konsertdə Tünzalə Ağayeva, Nərmin Kərimbəyova, Mətanət İsgəndərli, Rəsul Əfəndiyev, Namiq Qaraçuxurlu, Nigar Camal, Natavan, Gülyanaq Məmmədova, Əminə, Ayan, Mehin, Çinarə Məlikzadə, Nadir Rüstəmli, Murad Arif, Aisel, Elnur, Ceyhun Zeynalov, Dilarə Kazımova, Samirə Əfəndi, Lalə Məmmədova, Sevil Sevinc, Yaşar Yusub, Elçin Cəfərov, Ayaz Babayev, Günay İbrahimli, Nadir Qafarzadə, Əhməd Mustafayev, Darvish Band, Vaqif Nağıyev hər bir qonağa xoş əhval-ruhiyyə bəxş edib.
“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası martın 1-dən 30-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərir.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, ”Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Holding” Təhlükəsizlik xidməti, “Strafor Kəsim” və “HazırCavab”dır. Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, ”Coca-Cola”, ”R Group Holding”, ”Azərlotereya”, ”TESS”, ”Trendyol”, ”Lays”, ”Xırta-Xırt” və ”Eat me Kumpir” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.
Yarmarka 35 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, Novruz bayramına aid müxtəlif konstruksiyalar və elementlər, balaca köşklər, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu evi, labirint otağı və müxtəlif tematik guşələrdən ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.
Hər il olduğu kimi, internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olacaqlar.
Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xalqımızın sevimli bayramı – Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa bilərlər.
“Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, hər birinizi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında gözləyirik! Gəlin yazın gəlişini birlikdə qarşılayaq!,” – deyə “Nargis” Fondunun məlumatında deyilir.