18 Mart 2024 14:39
Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən yeni inşa edilmiş Lənkəran Penitensiar Kompleksinə media-tur təşkil edilib.
Metbuat.az-ın məlumatına görə, beynəlxalq standartlara uyğun inşa olunmuş kompleksdə müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanasında isə həbs edilmiş şəxslər saxlanılacaqlar.
Media-turda bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, islah prosesi zamanı yeniliklərin tətbiqi, məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.
Eyni zamanda, məhkumların cəmiyyətə adaptasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün müxtəlif regionlarda müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür.
Əvvəllər yeni istintaq təcridxanası və müasir penitensiar müəssisələr, eləcə də yaxın zamanda açılışı olmuş Umbakı penitensiar kompleksi istifadəyə verilmiş, Gəncə şəhərində isə inşa işləri davam etdirilir.
Görülən tədbirlər çərçivəsində Lənkəran penitensiar müəssisəsi də xüsusi əhəmiyyət kəsb edir.
Müəssisədə məhkumlar üçün zəruri şərait, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri olan kameralardan ibarət müxtəlif rejimli korpuslar inşa edilib.
Cəzaçəkmə müəssisəsi ümumi 1300 nəfər üçün nəzərdə tutulub. Onlardan 700 nəfəri istintaq təcridxanası, 600 cəzaçəkən şəxslər üçün ayrılıb.
Eyni zamanda, müəssisənin təcridxana hissəsində müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.
İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri ilə də tanış olublar.
Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan palatalar mövcuddur.
Eyni zamanda kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.
Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib.
Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.
İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman meydançaları ilə tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstərib, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğularla təchiz edilmiş camaşırxanaya baş çəkərək yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Müəssisədə qurulumuş süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platforması barədə geniş məlumat verilib.
Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.
Brifinqdə penitensiar sistemdə aparılan islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğısının və diqqətinin əyani təzahürü olduğu, yeni penitensiar kompleksin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyi vurğulanıb.
Eyni zamanda Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə adaptasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verdiyi bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Çıxış edən ictimaiyyət nümayəndələri müasir penitensiar kompleksin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər.
Vurğulanıb ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir, istifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.