27 Mart 2024 18:24
Yaponiyanın milli valyutası olan yenin məzənnəsi ABŞ dollarına nisbətdə zəifləməkdə davam edir.
Metbuat.az xəbər verir ki, Tokio Fond Birjasında (TFB) yenin məzənnəsi son 34 ilin ən aşağı həddinə düşüb. Qeyd olunub ki, valyutanın məzənnəsi 1 ABŞ dollarına qarşı 151,97 yen həddinə düşüb. Bu, 1990-cı ildən bəri ən aşağı həddir.
Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, Yaponiya valyutasının 34 il ərzində ilk dəfə bu dərəcədə ucuzlaşması təhlükəli deyil:
“Məsələ ondadır ki,valyutanın inkişaf etmiş ölkədə aşağı düşməsi qorxulu deyil, əksinə yerli bazara möhkəmləndirir. Yaponiyadan fərqli olaraq Azərbaycan üçün bu təhlükəlidir. Buna əsasən də, Mərkəzi bank əlavə pul xərcləyir. Xərcləməmək üçün, biz azad ticarət yaratmalı və monopoliyadan qurtulmalıyıq. Qanunlarımız tam işlək olmalıdır, məhkəmələrimiz dürüst şəkildə işləməlidir”.
Qeyd edək ki, investorlar hesab edir ki, son 17 ildə ilk dəfə Yaponiya Bankının uçot dərəcəsini mənfi 0,1%-dən 0,1%-ə yüksəldilməsi əhəmiyyəti yoxdur.
Gülbəniz Hüseynli / Metbuat.az