17 Aprel 2024 14:45
“Ötən gün Fransa Azərbaycandakı səfirini geri çağırdı. Fransa XİN-dən verilən bəyanatda qeyd olunurdu ki, bu geri çağırılmanın səbəbi Azərbaycanın Fransa ilə olan münasibətlərinə zərər verməsidir. Fransa tərəfi ümid edir ki, Azərbaycan bununla bağlı addımlarını izah edər və Fransa tərəfinə aydınlaşdırar. Eyni zamanda qeyd olunub ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Makronla Parisdə görüşəcək, Fransa-Azərbaycan məsələləri ətraflı şəkildə müzakirə olunacaq".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, diplomatiya aləmində hər hansısa ölkə səfirini konsultasiyalar üçün geri çağırırsa, bu o deməkdir ki, iki ölkə arasında münasibətlərdə müəyyən problemlər var:
"Amma Fransanın qeyd etdiyi kimi, bu gərginliyin səbəbkarı heç də Azərbaycan deyil, əksinə Fransadır. İkinci Qarabağ müharibəsindən bu günə kimi Fransanın Cənubi Qafqaz siyasəti yalnız bir ölkənin maraqlarına xidmət edir. Qərəzli, ədalətsiz və beynalxalq hüququ nəzərə almayan bir siyasət olduğundan, Azərbaycan hər vəclə bu siyasatə qarşı çıxmağa çalışıb.
Fransa Cənubi Qafqaz regionunda həmişə çalışıb ki, müəyyən nüfuz sahibi olsun. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsindən sonra, Rusiyanın azalan təsir dairəsini müəyyən mənada doldurmağa çalışsın. Ona görə ki, region Fransa üçün iki nöqteyi nəzərdən əhəmiyyət kəsb edir. Birincisi regionun enerji və karbohidrogen resursları var, ikincisi isə regionun tranzit əhəmiyyətidir".
Politoloq qeyd edib ki, bu gün Afrikadakı keçmiş kaloniyalarında nüfüz dairəsini getdikcə itirən və bir sözlə Afrikadan qovulan Fransa Mərkəzi Asiyadakı enerji resurslarına göz dikib:
"Bu baxımdan Mərkəzi Asiya ilə Avropa arasındakı dəhlizdə Canubi Qafqaz və Azərbaycan xüsusi strateji əhəmiyyət kəsb edir ki, bu da Fransanın gözündən yayınmır. Amma Fransanın bu regiona daxil olması üçün müəyyən səbəblər, vasitə lazımdır ki, bu da Ermənistandır. Məhz Ermənistan vasitəsilə Fransa bu regiona daxil olmaq, regionda məkirli siyasətini həyata keçirmək istəyir. Buna görə də hər cür yola əl atmaqla bu regionda öz təsir dairəsini genişləndirməyə çalışır".
Sultan Zahidov onu da vurğulayıb ki, ötən ilin dekabrında Azərbaycan DTX Fransanın bir neçə casusunu ifşa edib:
"Bir daha aydın oldu ki, Fransa Azərbaycanda heç də rəsmi və şaffaf fəaliyyətlə məşğul deyil. Fransanın Ermənistanla hərbi sazişlər imzalaması, intensiv şəkildə onları silahlandırması və bunların nəticəsində Ermənistanın sülh prosesini uzadaraq, Azərbaycanla şərti sərhəddə təxribatlar törətməsi bir daha onu göstərir ki, Fransanın regiondakı xidmətləri sülhə və əminamanlığa xidmət etmir.
Belə olan halda sözsüz ki, Azərbaycan adekvat addımlar atacaq, öz maraqlarını müdafiə edəcək. Bütün bunların fonunda Fransanın səfirini geri çağırması və açıqlama istəməsi absurdddur. Hətta yaxın günlərdə ola bilər ki, Azərbaycanda Fransadakı səfirini geri çağıraraq, Fransanın atdığı adımlarla bağlı izahat tələb etsin".
Seyranə Quliyeva / Metbuat.az