5 Aprel 2024 15:14
Azərbaycan parlamentinin bugünkü iclasında da Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyaye arasında üçtərəfli görüşlə bağlı məsələ qaldırılıb.
Regionda vəziyyəti gərginləşdirməyə çalışanlar Ermənistandan bu istiqamətdə istifadə etməyə davam edirlər. Azərbaycanın qarşıda atacağı ehtimal edilən addımların hansı istiqamətdə ola biləcəyi ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Cavanşir Feyziyev bildirib ki, Ermənistanın bu cəhdləri və taktiki gedişləri bölgədə formalaşmış status-kvonu hər hansı bir şəkildə dəyişməyə qadir deyil:
“Ermənistanın sərhəd bölgələrinə qoşun yığması əlbəttə arzu olunan hal deyil. Amma Üçtərəfli Brüssel görüşü ilə bağlı Ermənistanın gözləntiləri də real deyil. Bu görüşdə Ermənistan mətbuatında yazıldığı kimi, Ermənistana hər hansı hərbi-siyasi dəstək təminatı verilməsi haqqında heç bir müzakirə olmayacaq və heç bir zəmanət verilməyəcək. Ehtimal oluna bilər ki, Qərb Ermənistanı Rusiyaya qarşı istifadə etmək üçün müəyyən məsləhətləşmələr aparsın. Bu isə Ermənistan üçün çox təhlükəli bir ssenari olardı”.
Erməni cəmiyyətinin ABŞ- AB - Ermənistan görüşündən gözləntilərinin mifləşdirildiyini vurğulayan millət vəkili düşünür ki, bu görüş Ermənistan üçün faydadan daha çox zərər gətirə bilər:
“Bu zərərdən yayınmaq üçün Ermənistan siyasi hakimiyyəti indiyədək üzləşdikləri tarixi hadisələrdən nəticə çıxarmalı və bütövlükdə Cənubi Qafqaz bölgəsinin ümumi maraqları ilə uzlaşmayan addımlardan çəkinməlidir”,- sitatın sonu.
Qeyd edək ki, Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü başlayıb. Üçtərəfli görüş Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, ABŞ dövlət Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilir.
Görüşə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell də qatılıb.
Gülbəniz Hüseynli / Metbuat.az