23 Aprel 2024 14:23
Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
XİN-dən Metbuat.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Yan Lipavski arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-Çexiya strateji tərəfdaşlıq əlaqələrinin beynəlxalq hüququn norma və prinsiplərinə, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və dəstək kimi təməllər üzərində qurulduğu bildirilib.
Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb. Bununla yanaşı, ikitərəfli iqtisadi komissiyanın işinin daha da intensivləşməsinin əhəmiyyəti qeyd olunub.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan-Çexiya tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.
Bu xüsusda, enerji sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlığa yaşıl və bərpa olunan enerji istiqamətlərinin əlavə edilməsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq layihələrində çex sərmayəçilərin iştirakı, Azərbaycan ərazisindən keçən Orta Dəhliz və ölkə ərazisində yerləşən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi fürsətlərdən Çexiyanın tranzit-logistika şirkətlərinin istifadəsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Humanitar, təhsil, mədəniyyət, gənclər və idman, turizm sahələri üzrə uğurlu əməkdaşlığın davam etdirilməsi və daha da dərinləşdirilməsi xüsusunda həmfikirlik ifadə olunub.
Regionumuzda münaqişədən sonrakı vəziyyət, eləcə də mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
***
Azərbaycan və Çexiya xarici işlər nazirləri arasında təkbətək görüş başlayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.