18 Aprel 2024 20:24
Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sənəd iki ölkənin kənd təsərrüfatı nazirləri İbrahim Yumaqlı və Məcnun Məmmədov arasında Ankarada keçirilən görüşdən sonra imzalanıb.
“Ölkələrimiz arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi artmaqda davam edir. 2012-ci ildən bəri ticarət həcmi təxminən 87% artıb. Biz buna çox sevinirik. Ümid edirik ki, bu tendensiya gələcəkdə də davam edəcək”, - İ.Yumaqlı deyib.
Türkiyəli nazir imzalanmış memorandumun ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində M.Məmmədov Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməllərə malik olduğunu bildirib. Nazir digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın gündən-günə inkişaf etməsindən məmnunluğunu ifadə edib.
O, həmçinin imzalanmış memorandumun Azərbaycanda kənd təsərrüfatı sahəsində elmi tədqiqatların inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, M.Məmmədov Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı üzrə İcraiyyə Komitəsinin 11-ci iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.