METBUAT.AZ

Siyasət

Azərbaycan XİN başçısının müavini Yunanıstanda

12 Aprel 2024 17:15

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 10-12 apreldə Yunanıstanda işgüzar səfərdə olub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı nazir müavini IX Delfi İqtisadi Forumunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP) dair panel müzakirələrdə iştirak edib.

Diqqətə çatdırılıb ki, F.Rzayev çıxışında 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq və görüləcək işlərdən, habelə Azərbaycanda ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinin inkişafı istiqamətində atılan addımlardan danışıb.

"Fariz Rzayev həmçinin ölkəmizin işğaldan azad olunan ərazilərinin yaşıl enerji zonası elan edildiyi, bölgənin enerjiyə olan tələbatının, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan yaşayış məntəqələrinin yaşıl enerji ilə təmin olunduğu barədə məlumat verib. Səfər çərçivəsində Fariz Rzayev, eləcə də Yunanıstanın hökumət rəsmiləri və parlament üzvləri ilə də görüşüb. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional və beynalxalq gündəlikdə dayanan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd edilib.


metbuat.az.