METBUAT.AZ

Ölkə

Azərbaycanlı gənc “Forbes” siyahısında

14 Aprel 2024 12:25

Azərbaycanlı gənc Günay İmanzadə dünyada məşhur biznes jurnalı olan “Forbes”in siyahısında yer alıb.

Metbuat.az xəbər verir ki, o, minlərlə gənc arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. Günay builki siyahıda yer alan yeganə azərbaycanlıdır. Jurnalın Avropa üzrə “Təhsil, biznes və digər sahələrdə sosial təsir” kateqoriyasında yer tutan həmyerlimiz “Metatesk” startapının təsisçisidir.

“Metatesk” startapı 6-14 yaşlı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platforması kimi fəaliyyət göstərir. Bu layihə ötən il “Silikon Vadisi Mentorluğu” proqramına seçilib.

Xatırladaq ki, Günay İmanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ildə innovasiya sahəsi üzrə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Günay İmanzadə Bakı Dövlət Universitetinin (BDU) məzunudur. 2017-ci ildə “Kimya” ixtisası üzrə (ingilis bölməsi) BDU-nun SABAH qruplarını bitirib.

2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sahibkarı” nominasiyasının qalibi olub. “Enthouse” layihəsinin həmmüəllifidir. Bu layihə “Texnofest” yarışması zamanı maraqla qarşılanıb və Türkiyə bazarına çıxış təklifi alıb. Layihə “Texnofest” Azərbaycan yarışmasında C kateqoriyası üzrə 1-ci yeri tutub. G.İmanzadə “ABB Startup Hackathon”un qalibi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasının finalçısı, “Microsoft for Startups” proqramının üzvü, “Google for Startups” akselerasiya proqramının iştirakçısıdır. “Roblox” şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir.

2018-ci ildə İsveçrənin Federal Texnologiya Universitetində (EPFL- École polytechnique fédérale de Lausanne) çalışıb. 2019-2020-ci illərdə Çinin Beijing Beynəlxalq Məktəbində (“Beijing International School”) elm istiqaməti üzrə tədris aparıb.


metbuat.az.