1 Aprel 2024 10:47
"Azərbaycana at ətinin idxal olunmasında təəccüblü bir şey yoxdur. Satışda olması istisna olunmur. Lakin heyvanxana və digər məqsədlər üçün gətirilə bilər. Onu da qeyd edək ki, ölkədə heç bir ətin satışına qadağa qoyulmayıb. İt ətinin, pişik ətinin, ümumiyyətlə, elə bir qayda yoxdu ki, hansısa ətin satışı qadağan edilsin".
Bu sözləri Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, belə bir qadağanın olmaması bazarda boşluqlar yaradır:
"Təsadüfi deyil ki, Azərbaycan istehlakçıları ət almaq üçün marketlərə getmir, küçədə satılan ət alırlar. Gözləri görəni almaq istəyirlər. Çünki, Qida Təhlükəsizliyi Agentliyi insanların inamını qazana bilməyib. Mütləq Nazirlər Kabinetinin, Qida Təhküləsizliyi Agentliyinin ənənəvi olmayan ətlərin satışının qadağan olunması ilə bağlı qərarı olmalıdır. Belə bir qadağa yoxdur. Ona görə də, istisna olunmur ki, ən prestijli yerdə də qarışıq ət satıla bilər, at əti və başqa ətlə qarışdırıla bilər".
Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda hələ də heyvanların identifikasiya işi həyata keçirilməyib:
"Nəzarət edilməlidir ki, marketlərdə olan ət bükülmüş olsun, üzərində buraxılma tarixi olsun. Yararlılıq müddəti, hansı firmadan gəlməsi haqqında məlumatlar qeyd olunsun. Bunlar hamısı yox dərəcəsindədir. Ona görə də, insanlar küçə kəsiminə üstünlük verirlər. Bu səbəbdən istisna olunmur ki, at əti hər birimizin süfrəsinə gəlib çıxa bilər".
Qeyd edək ki, Azərbaycana Qazaxıstandan yüksək miqdarda at ətirinin idxal edilməsi ilə bağlı iddialar yayılıb və bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Seyranə Quliyeva / Metbuat.az