24 Aprel 2024 08:41
Taksilərin qiymətində artım müşahidə olunur. Sürücülərin sözlərinə görə, 1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bu da qiymətlərə təsir edir.
Metbuat.az-ın məlumatına görə, məsələ ilə bağlı AYNA-dan "Xəzər Xəbər"ə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
Qiymət artımı ilə bağlı "Bolt"dan qeyd edilib ki, sistemdə sifarişlər tələb təklif əsasında formalaşır:
"Sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək".
"Uber"dən isə açıqlanıb ki, səfərin yekun qiyməti ərazidəki boş avtomobillərin və taksi sifariş etmək istəyən insanların nisbəti, səfərin məsafəsi və müddəti, yollarda tıxaclar kimi bir çox amillərdən asılıdır. Boş sürücülər nə qədər az olsa, səfərin qiyməti də bir o qədər yüksək ola bilər.