24 Aprel 2024 12:27
"Şərti adı B-04 olan, ümumən 5-ci və yeraltı 4-cü stansiyanın inşasında qazıntı işləri demək olar ki, tamamlanıb. Hal-hazırda stansiyanın səviyyələr üzrə, yerin üst qatından altına doğru 4 səviyyədə son tamamlama işləri üçün hazırlıq gedir. Tamamlama mərhələsinə divar üzlüklərinin vurulması, stansiyada sahələr arası zonalar müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi daxildir".
Bu sözləri Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, paralel olaraq stansiyada infrastrukturun qurulması ilə bağlı işlərədə başlanılması nəzərdə tutulub.
"Artıq eskalatorlar stansiya ərazisindədir. Bundan əlavə, stansiyada qoyulacaq ventilyatorlar da Bakıdadır. Elektrik yarımstansiyasının qurulması istiqamətində artıq təchizatçı şirkətlə fəal işlər aparılır.
Stansiyanın infrastrukturunda da işlərə başlanılması nəzərdə tutulub. Tunellərdə dəmiryolu infrastrukturunun qurulması davam edir. Hazırda relslərin qaynaq olunması, digər üst quruluş elementlərinin sahəyə gətirilməsi və təhcizatı işlərinə baxılır. Bu işlərin daha bir mərhələsində qatarların hərəkətini, dartı qüvvəsini təmin edən elektrik enerjisinin verilməsi üçün təmas relsinin quraşdırılması işləri də aparılacaq. Stansiyanın 2025-ci il ərzində təhvil verilməsi planlaşdırılır".
Seyranə Quliyeva / Metbuat.az