30 Aprel 2024 14:31
Qazaxın 4 kəndinin qaytarılmasından sonra hazırda Ermənistan tərəfdə qalan digər anklavlar məsələsi əsas müzakirə mövzusuna çevrilib. Son günlərdə Azərbaycan və Ermənistan cəmiyyəti arasında Başkəndin taleyi ilə bağlı məsələ də diqqət mərkəzindədir. Söhbət, Ermənistanın Başkəndi “öz anklavı” hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsindən gedir.
Azərbaycanın bu vəziyyətdə atacağı addımların hansı istiqamətdə ola biləcəyi ilə bağlı millət vəkili Elman Nəsirov açıqlama verib. Deputat Metbuat.az-a bildirib ki, bütün bu məsələlər dövlət başçısının siyasəti əsasında tənzimlənir:
“Qazax rayonunun anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması dövlətimizin, onun ali siyasi rəhbərliyinin böyük diplomatik uğurudur. Bunun ardınca Qazaxın anklav vəziyyətdə olan daha üç kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi gündəmdə dayanır.
Qeyd edim ki, burada kimlərsə versiyalar irəli sürə bilər, amma son həlledici sözü Azərbaycan Prezidenti İlham Əliyev deyib, qərar qəbul edir. Prezidentimiz məsələnin düzgün həlli yolunu bilir. Qarşılıqlı anklav mübadiləsi ilə bağlı səslənən fikirlər birmənalı olaraq aksioma kimi təqdim edilir. Bu yanaşma düzgün deyil. Bu informasiya həqiqəti təhrif etmək deməkdir. Hazırda danışıqlar gedir və məqsəd odur ki, Azərbaycanın bir qarış torpağı da erməni işğalında qalmasın”.
Elman Nəsirli vurğulayıb ki, dörd kənd Azərbaycana qaytarılmadığı təqdirdə anklav mübadiləsi kimi fikirləri səsləndirməyə əsas yoxdur. Millət vəkili bu tipli düşüncələrin siyasi spekulyasiyalar yaratdığı qənaətindədir:
“Ermənistan hakimiyyətində də belə bir inam var ki, guya Azərbaycan cəmiyyəti buna hazırdır. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan xalqı qalibdir. Şərtləri biz söyləyirik və deyirik ki, işğal altında olan dörd kənd bizimdir və Azərbaycana qaytarılmalıdır. Hesab edirəm ki, bu kimi məsələlərin siyasi spekulyasiya elementinə çevrilməsi qəbuledilməzdir”.
Gülbəniz Hüseynli / Metbuat.az