4 Aprel 2024 11:21
"Brüsseldə aprelin 5-də keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün Azərbaycan tərəfindən birmənalı olaraq narazılıqla qarşılandı və bu barədə diplomatik kanallarla görüşü təşkil edən tərəflərə, xüsusilə ABŞ və Aİ-yə mesaj çatdırıldı. Azərbaycanın Cənubi Qafqazda gedən proseslərə həsr olunmuş görüş və konfransa dəvət olunmaması həqiqətdə də normal qəbul olunmamalıdır. Azərbaycan narazılığını bildirməklə ən doğru yolu seçdi. Amerikada Azərbaycanın narazılığını əsaslı hesab etdikləri vaxt artıq gec idi və Azərbaycanın görüşə dəvət ounması təşkilatçıları çətin vəziyyətdə qoyacaqdı".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
O bildirib ki, Blinken vəziyyəti dolayı yolla düzəltməyi qərara aldı.
"Azərbaycan tərəfi görüş və konfrans zamanı əleyhimizə müəyyən qərarların qəbul edilməsindən narahatdır. Bu qərar ilk növbədə Ermənistanın silahlandırılması istiqamətində aparılacaq müzakirələr ola bilər. Görüşü təşkil edənlər isə sırf Ermənistana iqtisadi yardım vermək və onun Rusiyanın təzyiqi qarşısında dözümlülüyünü gücləndirmək fikrində olduqlarını bəyan edirlər. Amma bu bəyanatlara inanmaq olardımı və ya Azərbaycan öz maraqları tələb edən səviyyədə müdaxilə etməli deyildi? Şifahi bəyanatlar Azərbaycanı qane etmir. Bakı yenə də görüşün və onun ardınca konfransın şəffaf keçirilmədiyini əsas götürərək tədbirlərin Azərbaycan əleyhinə yönəldiyinə israr edir. ABŞ-ın Dövlət Katibi Blinkenin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə zəng edərək 5 aprel görüşünün məqsədini şəxsən izah etməsi məhz Azərbaycanı sakitləşdirmək məqsədi daşıyırdı".
Polotoloq qeyd edib ki, Həm Amerika Birləşmiş Ştatları, həm də Avropa İttifaqında gözəl başa düşürlər ki, Ermənistanla bağlı qəbul etdikləri istənilən qərar Azərbaycanın razılığı olmadan heç bir nəticə verməyəcək.
"Yəni onlar Azərbaycanın iştirakı və yardımı olmadan Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə zəmanət vermək imkanlarına malik deyillər. Yaxud Ermənistanı Azərbaycansız Rusiyanın "qəzəbindən" qorumaq onlara müyəssər olmayacaq. Çünki, onlar Ukraynanı qorumaq məsələsində artıq özlərini “sınayıb” . Məhz buna görə də Blinken ABŞ və Aİ-nin Ermənistanla bağlı təlaşlarına Azərbaycanın anlayışla yanaşmasını istəyirlər. Azərbaycan isə öz növbəsində öz dövlət və milli maraqlarından çıxış edərək təhlükəsizliyini prioritet hesab edəcək. Blinkenin istəyindən asılı olmayaraq Azərbaycana qarşı regionda atılacaq istənilən addım mənafeyimizə uyğun olmasa həyata keçməyəcək. Düşünürəm ki, bu barədə İlham Əliyev tərəfindən ona xəbərdarlıq edilib. Blinkenin zəngi eyni zamanda, Azərbaycanın regionda açar dövlət rolunu oynadığını bir daha sübut etmiş olur".
Seyranə Quliyeva / Metbuat.az