METBUAT.AZ

Siyasət

BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirildi

25 Aprel 2024 00:18

23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” üzrə Azərbaycan Respublikasının 5-ci dövri məruzəsinin təqdimatı keçirilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Nazir müavini çıxış edərək, Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, son dövrlərdə ölkəmizdə həyata keçirilmiş məhkəmə islahatları, eləcə də Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində digər mütərəqqi addımlar barədə Komitə üzvlərini ətraflı məlumatlandırıb.

Nazir müavini öz çıxışında Azərbaycan Respublikasının Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 il davam edən Ermənistan işğalından azad edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisində tərəf olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirəcəyini və hüquq qaydasını tam təmin edə biləcəyini bəyan edib.

Bundan başqa, S.Şərifov Azərbaycan Respublikası hökuməti tərəfindən qanunvericilik islahatlarının dərinləşdirilməsi, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqı ilə bağlı görülmüş tədbirlər, habelə insan hüquqları və əsas azadlıqları mövzusunda hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş çoxsaylı yerli və xarici təlimlər, seminarlar və tədris proqramları barədə geniş məlumat verib.

Qeyd edilənlərlə yanaşı, Komitə üzvləri məhkəmə-hüquq sisteminin müstəqilliyinin təmin edilməsi, ədliyyə sisteminin modernləşdirilməsi, penitensiar infrastrukturunun təkmilləşdirilməsi, məhkumlara keyfiyyətli tibb xidmətlərinin göstərilməsi, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən tədbirlər, alternativ cəzaların tədbiqi, insan alveri və məişət zorakılığı ilə mübarizə, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması sahəsində qəbul edilmiş milli fəaliyyət planları və dövlət proqramları barədə məlumatlandırılaraq, Komitə üzvləri tərəfindən qaldırılan suallar dolğun şəkildə cavablandırılıb.


metbuat.az.