23 Aprel 2024 14:00
28 May - Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir.
Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, bir neçə il əvvəl korrupsiya cinayətlərinə görə məhkum edilmiş bir sıra məmurlar da bağışlanmaq istəyir.
Belə ki, əfv ərizəsi yazanlar arasında Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Mahir Quliyev, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri olmuş Vüqar Səfərli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması - İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da var.
Mahir Quliyevin vəkili Ceyhun Yusifov saytımıza bildirib ki, 4 ildir həbsdə olan müvəkkili ağır xəstəlikdən əziyyət çəkir. Xüsusilə bu səbəbdən onun ailəsi tərəfindən də əfv olunması üçün müraciət edilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə həbs edilən Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Mahir Quliyev və Zakir Sultanov isə 2020-ci ildə həbs ediliblər. Eks-icra başçısına 11 il, Xidmət rəisinə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvləri müraciətlərə baxarkən ağır cinayətdə ittiham olunan şəxslərin cəzasının yarı hissəsini çəkməsi əsas götürülür. Buna baxmayaraq, cəzasının yarısını çəkməyən şəxslər də əfv edilə bilər. Əvvəllər bu cür hallar olub.
Qeyd edək ki, əfv hüququ Prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir.