3 Aprel 2024 13:43
Xəbər verdiyimiz kimi, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Tərtər və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı bəyanat verib. Bildirilib ki, beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır.
Bəyanatları siyasi prosesin davamı olduğunu ifadə edən millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirib ki, Ermənistanın bu istiqamətdə atdığı addımlar onu göstərir ki, onlar səmimi şəkildə Azərbaycanla həyati əhəmiyyət daşıyan məsələlər üzərində addım atmaq niyyətində deyillər:
“Mina terroru həqiqətən də böyük problemlər yaradıb və ombudsmanın da bu bəyanatında təbii ki, Azərbaycanın ən ağrılı problemlərinə toxunubdur. Mina xəritələri Azərbaycana dəqiq şəkildə verilməlidir. Əvvəllər Qarabağda hansısa bir erməni şəxslər qalırdısa, indi əksəriyyət oranı tərk edib gedib. Yəni orada yaşayanların dahansısa bir marağı olmamalıdır ki, burada partlayışlar olsun, proseslər hansısa gərginliyə doğru yönəlsin. Hər dəfə bir partlayış olanda biz Ermənistanı qınayırıq və onların bu fəaliyyətini ifşa edirik. Bu Ermənistan üçün də müəyyən mənada problem yaradır. Cəmiyyətimiz hər zaman bunu düşünü ki, ermənilər düzələn deyil. Onlara hansısa bir şəkildə güvənərək bir müqavilə bağlamaq mümkün deyil.Sülh danışıqları ərəfəsində belə hadisələrin baş verməsi Azərbaycan ictimaiyyətində bu proseslərin Ermənistanla mümkünlüyünü, onlarla müqavilə imzalanmasını sual altına qoyur”.
Millət vəkili vurğulayıb ki, zaman-zaman Ermənistanın mina terroru ilə bağlı belə bəyanatların verilməsi qabaqlayıcı addımların atılması baxımından vacibdir. Fazil Mustafa onu da qeyd edib ki, Azərbaycan öz problemlərini və yaradılan süni problemləri mütləq dünya gündəmində saxlamalı, çünki bizə qarşı başlanan bu proseslər bundan sonra da davam edə bilər.
Gülbəniz Hüseynli / Metbuat.az