22 Aprel 2024 15:20
Tarixində ilk dəfə olaraq qızılın unsiyası 23 min dolları keçib.
Bu barədə Metbuat.az-a açıqlama verən ekspert Elnur Quliyev bildirib ki, bazarda tələbi qaldıran faktorlar çoxdur:
“İnvestorlar çalışırlar ki, baş verən iqtisadi kollapslar fonundakonservativ investisiya alətlərinə keçsinlər. Bunlar da ilk öndə gələni qızıldır. Onların real sektordakı bu davranışları avtomatik olaraq bazarda tələbi qaldırır. Tələb də varsa, qızılın qiyməti qalxır.
Hazırda dünyada baş verən həm siyasi, həm iqtisadi hadisələr qızılın qiymətinə təsir edən faktorlardandır. Xüsusilə Qəzza bölgəsindəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Amerikada seçkiyə hazırlıq prosesi bu qiymətli metalın qiymətində qeyri-müəyyənliklər yaradır:
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, qızılın qiymətinin bahalaşmasının əsas səbəbi ABŞ və digər ölkələrin mərkəzi banklarının uçot dərəcəsini aşağı salacağı ilə bağlı gözləntilər istiqamətində dəyişir:
FED uçot dərəcəsini aşağı salanda sərbəst vəsaitlər artacaq və bunun bir hissəsi də qızılın alışına yönələcək. İnvestorlar bu gözləntilər fonunda indidən qızıl aldıqları üçün qiymət dəyişir. Məqsəd bahalaşandan sonra onu daha daha yüksək qiymətə satmaq istəyi ilə əlaqəlidir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 2614 kiloqram qızıl istehsal edilib. Keçən il 2022-ci ilə nisbətən qızıl istehsalı 17,7 faiz azalıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən, 2023-cü ildə Azərbaycan 162,8 milyon dollar dəyərində qızıl ixrac edib ki, bu da illik müqayisədə 12 faiz azdır.
Gülbəniz Hüseynli / Metbuat.az