30 Aprel 2024 15:52
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.
Metbuat.az xəbər verir ki, bu barədə İKTA məlumat yayıb. Bildirilir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər.
Məsələyə münasibət bildirən Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov Metbuat.az deyib ki, “E-Şikayət” sistemi Antiinhisar Dövlət Xidmətinin səlahiyyətlərinə aid olan mövzunun dublikatıdır:
“Bizə hələ də aydın deyil ki, İKTA niyə dublikat xidmət yaradıb. Vətəndaşlar şikayətlərini Antiinhisar Dövlət Xidmətinə edirlər. Əgər şirkət məsuliyyət daşımasa, bu paralel xidmət işləri ləngidir. Nəticədə, eyni şikayəti vətəndaş iki yerə üç yerə etməli olur. Qanunvericiliyə əsasən, vətəndaşların şikayəti ilə bağlı müraciətlərə ancaq Antiinhisar Dövlət Xidməti baxmalıdır. Hesab edirəm ki, “E-Şikayət” sistemi faydasızdır. Yaxşı olardı ki, daha vacib işlərə baş yorsunlar, nəyinkihansısa daşıma işi ilə məşğul olan sahibkarın anbar xidməti göstərməsi, lisenziyasının olub olmaması ilə maraqlansınlar. Bu görülən ümumi işə xələl gətirir. İKTA bu sahənin inkişafına çalışmalıdır”.
Ekspert qeyd edib ki, dünyanın heç bir ölkəsində təhvil vermə nöqtəsindən lisenziya tələb edilməsi halı olmasa da, İKTA bunun əksi istiqamətində addım atır:
“Ümid edirəm onlar geri addım ataraq sahibkarlarla birlikdə vətəndaşların, dövlətin rifahına xidmət edən işlər görəcəklər”.
Gülbəniz Hüseynli / Metbuat.az