30 Aprel 2024 12:00
"Etibarnamə yolu ilə əmlak almamağa çalışın. Bu, həm çıxarışlı, həm də çıxarışsız mənzillərə şamil olunur"
Metbuat.az xəbər verir ki, bunu əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirib. Ekspert deyir ki, əgər vətəndaş hər hansısa bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalarsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notariuslarında verilməlidir.
"Vətəndaş etibarnamə ilə əmlak almaq məcburiyyətində qalarsa, maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparmalıdır. Bu araşdırman qonşulardan, bələdiyyədən, sahə müvəkkili və sair aidiyyatı qurumlardan maraqlanmaqla aparıla bilər. Vətəndaşlara tövsiyyə edilir ki, əmlakın sahibi ilə birbaşa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməsinlər. Xarici ölkələrdən, xüsusəndə Rusiyadan satış üçün göndərilmiş etibarnamələrdən isə ehtiyatlı olsunlar”.
Ekspert qeyd edib ki, etibarnamə yolu ilə əmlakın satılması qanuni olsa da, hazırkı vəziyyətdə məsləhət deyil.
Mövzuya münasibət bildirən hüquqşünas Rövşən Qasımov isə xatırladıb ki, etibarnamə alınan əmlaka heç bir sahiblik hüququ vermir:
“Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti əsas etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Etibarnamə verən şəxs həmin etibarnaməni istədiyi vaxt qarşə yərəfə məlumat vermədən ləğv edə bilər”.
Gülbəniz Hüseynli / Metbuat.az