METBUAT.AZ

Sosial

Fitrə zəkatı nə vaxt və kimlərə verilməlidir? -

8 Aprel 2024 13:55

"Fitrə zəkatı Ramazan ayında bayram namazından əvvəl verilir. Bayram namazına iki gün qalmış vermək olar. Fitrə zəkatı kasıblara verilir ki, onlar da evində yemək bişirsinlər. Kimdənsə borc almağa, nəsə istəməyə ehtiyacları olmasın. Bunun əsas məqsədi budur".

Bu sözləri Metbuat.az-a açıqlamasında ilahiyyatçı Yaşar Qurbanov deyib. O bildirib ki, fitrə zəkatı özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir müsəlmana vacibdir:

"Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq, müsəlman xidmətçilər, anası, atası və s. bura daxildir. Peyğəmbər fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir".

İlahiyyatçı qeyd edib ki, fitrə bir insan üçün 3 kq xurma, kişmiş, düyü, makaron, qreçka (qarabaşaq), noxud, bulqur və s. bu kimi qida məhsulları ilə təyin olunur:

"Fitrə zəkatı bütün hədislərdə pul olaraq deyil, ərzaq olaraq təyin edilmişdir. Əgər pul şəklində təyin edilsəydi, pulun qiyməti əsrdən-əsrə dəyişdiyi üçün o zamankı miqdar indiki ehtiyacı ödəmək üçün kifayət etməyə bilərdi. Lakin ərzaqla təyin edildiyi zaman pul nə qədər ucuzlaşır ucuzlaşsın, yenə də ərzağa yetəcək miqdarda verilməlidir".

Seyranə Quluyeva / Metbuat.az


metbuat.az.