METBUAT.AZ

Siyasət

İran-İsrail müharibəsi Cənubi Qafqaza sıçraya bilər -

15 Aprel 2024 14:00

“İran İsrail arasındakı gərginlik həm bizim regiona, həm digər dünyada gedən proseslərin istiqamətini dəyişə bilər”.

Bu açıqlamanı Metbuat.az-a siyasətçi Akif Nağı deyib. O vurğulayıb ki, hazırda bu hadisələrin fonunda dünyada bir neçə yerdə qaynar münaqişə ocaqları yaranıb:


“Onlardan biri Ukraynada, ikincisi Yaxın şərqdədir. Eyni zamanda digər ərazilərdə, o cümlədən Cənubi Qafqazda da müəyyən qüvvələr bir-biri ilə bağlı olan bu hadisələrdən istifadə edərək, yeni müharibə ocaqlarının yaranmasına çalışırlar. Əgər İran-İsrail qarşıdurması daha da böyüyərsə, onun qığılcımı bizim regiona da düşə bilər.

Bu baş verərsə, Azərbaycanın belə bir çətin durum qarşısında kimi tərəfində qalacağında sual yaradan məsələdir. Bu prosesdə qütbləşmə, bloklaşma gedib-getməyəcəyi çoxlarını düşündürür. ABŞ başqa olmaqla İsrailin tərəfində olduğunu bəyan edən bir neçə dövlət var. Amma İranla müttəfiq olan hər hansı bir dövlət açıq şəkildə mövqe ortaya qoymayıb. Gərginliyin davam etməsində İsrail tərəfi də maraqlı deyil. İran tərəfinin də açıqlaması məsələnin daha da alovlanmaması istiqamətində idi. İsrail rəsmilərinin açıqlamalarına görə, onlar da İrana qarşı hər hansı yeni bir addım atmayacaqlar”.

İsrailin əsas hədəflərindən birinin Hizbullah olduğunu bildirən siyasətçi qeyd edib ki, ola bilər ki, rəsmi Təl-Əviv bu qarşıdurmadan istifadə edib, Həmasın da sıradan çıxarılmasına təşəbbüs etsin:

“İran bu vəziyyətdə birbaşa İsraillə qarşıdurmaya getmir, proksit edək, müharibədə kiminsə əli ilə işlərini görməyə çalışır. Hər iki dövlətin regionda situasiyanın nəzarətə götürülməsində maraqları var.

Eyni zamanda İsrailin arxasında dayanan qüvvələr də, Təl-Əviv vasitəsi ilə məqsədlərinə çatmaq cəhdlər edirlər. Proseslərdən belə görünür ki, gərginlik geniş miqyas almasa da, hələlik ciddi narahatçılıq mənbəyi olaraq qalacaq”.

Politoloq Turan Rzayev isə düşünür ki, İranın İsrailə müharibə elan etməsi, total savaşa girməsi gözlənilmirdi:


“Birincisi, İran ordusu İraqla müharibədən bəri total müharibə görməyib. Ordu istər təcrübə, istər iaşə, istərsə də strateji olaraq buna hazır deyil. İkincisi, İran iqtisadiyyatı nəinki İsrail, heç bir ölkə ilə uzun müddət müharibə aparmağa yetərli deyil. Üçüncüsü, İranın İsrailə total müharibə elan etməsi Təl-Əvivin maraqlarına cavab verir. Dördüncüsü, belə bir müharibə İsrailin İran əleyhinə arzuladığı beynəlxalq koalisiyanı formalaşdırmasına gətirib çıxaracaq. Bu isə İranın uzun illərdir çəkindiyi ssenaridir.Beşincisi, İsrail uzun illərdir İrandakı etnik azlıqlarla işləyir. Yəni İranın İsraillə müharibə etməsi halında bəluclar, ərəblər, kürdlər, güneylilər ayağa qalxa bilər. Hesab edirəm ki, İran İsrail ilə uzunmüddətli müharibəyə davam etməyə maraqlı deyil. Bununla belə, rəsmi Tehran İsrailə hücum etməli idi. Belə ki, Tehran Dəməşqdəki insidentdən sonra artan ictimai və beynəlxalq təzyiqi yatırtmaq üçün təqdimatı böyük, icrası risksiz hücum təşkil etdi. Yəni bu, sadəcə, şou idi”.

Politoloqun onu da qeyd edib ki, qarşıdakı günlərdə bənzər insidentlərin yenidən yaşanma ehtimalı olsa da, bunlar irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.