5 Aprel 2024 14:35
Ölkəmizdə market vitrinlərinə nəzər yetirdiyimiz zaman onlarla fərq növ və markada kolbasa məhsullarına rast gəlirik. Eyni zamanda marketlərdən əlavə, fərqli satış məntəqələrində, hətta metro kənarlarında açıq havada kolbasa məhsulları satılır. Bəs, keyfiyyətli kolbasanı necə seçməliyik?
Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova keyfiyyətli kolbasanı seçərkən hansı nüanslara diqqət etməli olduğumuzu açıylayıb:
"Keyfiyyətli kolbasanı seçərkən markalanmasına diqqət etməliyik. Üzərində istehsalçı şirkətə aid məlumatlar tam şəkildə olmalıdır, ünvanı və eyni zamanda nömrəsi, istehsal tarixi, son istifadə müddəti və içində istifadə olunan bütün məhsullar qeyd olunmalıdır. Saxlanma şəraiti haqqında da məlumat verilməli, satıldığı yerdə də həmin qaydalara əməl olunmalıdır. Alarkən diqqət edəcəyimiz əsas məqam odur ki, paketin tamlığı pozulmamalıdır, üzərində hər hansı bir zədə, sululuq, nəmlik, yağlılıq olmamalıdır.
Kolbasalarda ədviyyatlardan, sarımsaqdan istifadə olunur, sarımsağın iyi təz, xoşagələn olmalıdır. Əgər kəskin ədviyyat iyi gəlirsə və kimyəvi maddələrin iy gəlirsə, bu onun keyfiyyətsiz olduğunun göstəricisidir. Kolbasaya barmaqla basdıqda qısa müddət ərzində əvvəlki formasına qayıtmalıdır. Əgər əzik formada qalırsa, bu o deməkdir ki, tərkibində ətin az istifadə olunub, zülal və digər qatqı maddələri isə çoxdur. Ətin növünə görə kolbasanın rəngi ağa çalan, çəhrayı və qırmızı-çəhrayı rəngdə olmalıdır. Əgər qəhvəyi rəngə çalırsa və yaxud bozumtul bir rəngdirsə, bu, kolbasanın düzgün istehsal olunmadığını və eyni zamanda məhsulun xarab məhsul olduğunu göstərir".
"Bir çox hallarda kolbasaları çəki ilə alırlar, yaxud yol kənarında, nəzarət olunmayan satış məntəqələrində, küçələrdə ucuz kolbasalar alırlar ki, bu, tamamilə yolverilməzdir. Çünki bu məhsullar çox ucuz satılsa da, tərkibi haqqında üzərində ümumiyyətlə məlumat olmur və belə məhsulları qəbul edən insanlarda ciddi sağlamlıq problemləri yaranır. Eyni zamanda 20 yaşa qədər insanlarda inkişaf prosesi getdiyinə görə, kolbasa və sosiska kimi işlənmiş ət məhsullarını qəbul etmələri tövsiyə olunmur. Çünki bu məhsulların tərkibində mikroorqanizmlərin öldürülməsi üçün istifadə olunan bir çox kimyəvi qatqı maddələr var ki, bunlar insan orqanizmində - bağırsaqda faydalı bakteriyaların məhvinə səbəb olur, bu da birbaşa olaraq immun sisteminin zəifləməsinə və bir çox xəstəliklərə yoluxma riskinin artmasına gətirib çıxardır".
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, öllkədə iyirmidən çox kolbasa istehsalçısı var, lakin barmaqla sayılan qədər - cəmi 4-5 istehsalçı var ki, onlar təmiz ətdən kolbasa istehsal edirlər:
Onlardan şikayətlər də gəlmir, hər şey standartlara uyğundur. Qida Təhlükəsizliyi Agentliyi daim monitorinqlər aparır, lakin bununla belə, çoxsaylı istehsalçılar var ki, onlar bazara çox ucuz qiymətə mal çıxarır, bazarı korlayırlar. Keyfiyyyətli kolbasa istehsalçıları isə buna göz yumur. Öz bazarlarını təmizləmək üçün heç bir iş aparmırlar, bazarda xaos yaranır. 8-ci kilometr bazarında, metro çıxışlarında qıpqırmızı qızarmış, etiketi olmayan kolbasalar satılır, istehlakçıları da cəlb edir".
Ekspert deyib ki, xaricdən gətirilən kolbasa və sosiska məmulatlarında da böyük problemlər yaşanır:
"Bu məhsulların əksəriyyətində ətin miqdarı az olur, yaxşı dadvericilər vururlar. Azərbaycanlılar sovet vaxtından belə düşünürlər ki, Rusiyadan gələn mallar keyfiyyətlidir, anlamırlar ki, artıq orada da kapitalizmdir, istehlakçıları aldatmaq üçün hər şeydən istifadə olunur. Xarici məhsullara üstünlük vermək fikri kökündən səhvdir, Azərbaycanda bir neçə istehsalçı var ki, onlara üstünlük verilməlidir.
Bəzən mediada biz görürük ki, deyir, kolbasanın içərisində əti yoxdur. Bu, mümkün olan bir şey deyil. Ona görə istehlakçıları çağırıram ki, yerli istehsal mallarına üstünlük versinlər. Uzaq ölkələrdən gətirilən mallar çox kimyalaşmış olur, Azərbaycanda istehsal olunan standartlara uyğun mallarda isə kimyalaşma minimum miqdardadır və təmiz ətdən hazırlanır".
Cavidan Mirzəzadə / Metbuat.az