METBUAT.AZ

İdman

“Neftçi”nin hücumçusuna ağır cəza verildi

9 Aprel 2024 15:14

Əvəzedicilər liqasının XXIX turunun “Neftçi-2” – “Sumqayıt-2” oyununda baş verən qalmaqal AFFA tərəfindən müzakirə olunub.

Metbuat.az xəbər verir ki, qurumun İntizam Komitəsi yaşananlara görə müvafiq qərarlar verib.

“Neftçi-2”nin hücumçusu Ağadadaş Salyanskiy 90+5-ci dəqiqədə rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Bakı klubu 300 manat cərimələnib. Həmin dəqiqədə paytaxt təmsilçisinin azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə və bu hal cari mövsümdə ilk dəfə yaşandığı üçün kluba xəbərdarlıq edilib. Matç bitdikdən sonra təhlükəsizlik tam təmin edilmədiyinə görə “Neftçi-2” daha 400 manat cərimələnib.

Bundan başqa, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə bakılılar 100 manat ödəyəcək. Qonaqlar 5, meydan sahibləri 6 futbolçusu sarı vərəqə aldığına görə hərəyə 70 manat xərcə düşüb. “Ağ-qaralar”ın qırmızı vərəqə alan futbolçusu Elcan Əbilov 1 oyunluq cəzalanıb, komandası 50 manat cərimələnib.


metbuat.az.