5 Aprel 2024 00:23
21-ci əsrin “yoluxucu” xəstəlikləri arasında depressiyanın da adı var. Bəzən insanlar yaşamış olduqları hər hansı hadisə qarşısında gərgin vəziyyətə düşərək uzun zaman bu psixoloji yükdən əziyyət çəkirlər. Bu halda ümidsizlikdən, onları həyata bağlayan vacib olan çox şeydən əziyyət çəkən bəzən heç şəxs depressiyada olduğunun fərqində olmur.
Xüsusən son illərdə qadınlar arasında daha çox müşahidə edilən depressiv həyat tərzi barədə Metbuat.az klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovla söhbət aparıb.
Həmin müsahibəni təqdim edirik:
Rövşən bəy, qadınlar arasında daha çox depressiya vəziyyətinin yaranmasına səbəb nədir?
Yetkinlik dövründən sonra qadınlarda qadınlıq hormonları olan estrogen, progesteron və digər əlaqəli hormonlar depressiyaya həssaslığı artırır. Qadınların depressiya halında bioloji faktor əsas meyarlardan biridir. Həmçinin qadınların daha çox depressiv hal yaşaması psixososial səbəblərdən qaynaqlanır. Dünyanı düşünsək, qadınların həyatı daha çətindir. Həm bioloji, həm də psixoloji aspektdən baxdığımız zaman qadının funksionallığı qarışıqdır. Qadınların həyatda rolları kişilərdən daha çoxdur. Bütün bu rolların mürəkkəbliyi onların həyatına fərqlilik gətirir. Qadınlarda depressiv vəziyyəti əks cinslə münasibətdə mübahisə etmək, hamiləlik və mensturasiya kimi hallar tətikləyə bilir. Bəzən ağır xəstəliklə üzləşmək, hardansa köçmək, sevgilisindən ayrılmaq, tanıdığı şəxsin ölümü, həyat yoldaşı tərəfindən aldadılmaq, hətta bəzi hallarda yaşlandıqca gözəlliyini itirmək qadınları depressiyaya salır. Hətta yeni işə başlamaq, məzun olmaq, evlənmək və nişanlanmaq da depressiyaya səbəb ola bilər. Qadınların emosionallığı müxtəlif hadisələrdə fərqli formada özünü biruzə verir.
Qadınların və kişilərin depressiya halında hansı fərqlər var?
Baş vermiş hadisələrə reaksiya verən zaman qadınlar daha çox qorxu və narahatlıq hiss edir, kişilər isə daha çox müdafiə olunur. Qadınlar depressiyaya görə özlərini, kişilər isə başqalarını günahlandırırlar. Qadınlar depressiyaya düşdüklərində özlərini çox vaxt kədərli, dəyərsiz və laqeyd hiss etdikləri halda, kişilər əsəbi və hirsli olurlar. Qadınlar depressiyaya düşəndə münaqişədən qaçırlar, kişilər münaqişələrə daha çox meyillidirlər. Qadınlar depressiya ilə mübarizə apararkən yemək, alış-veriş və dostlarla zaman keçirmək kimi fəaliyyətlərə üz tuturlar. Kişilər spirtli içki qəbul edərək, televizora baxaraq və idman etməklə depressiyadan çıxmağa çalışırlar. Qadınlar depressiya halında özlərini halsız və əsəbi hiss edərkən, kişilər həyəcanlı və narahat olurlar. Qadınlar depressiyada olduqları zaman emosiyalarını gizlətmirlər, kişilər isə gizlədirlər. Çünki kişinin emosionallığı zəiflik əlaməti hesab olunur.
Bir insan depressiyaya düşdüyünü tam olaraq necə anlaya bilər?
Şəxs ona xoş olan məşğuliyyətə marağın itməsi və alınan zövqün azalması, hər gün yorulma hissi və güc tükənməsini hiss edirsə, depressiyada olduğunu anlaya bilər. Depressiyanın əlamətlərini şəxs özü və ya başqası müşahidə edirsə, bu vəziyyəti dəyişmir. İnsan öz halının müşahidəsi ilə də mütəxəssisə müraciət etməkdən çəkinməməlidir.
Şəxs özünün depressiyada olduğunu bilmək istəyirsə, özünə inamın və özünü qiymətləndirmə hissinin enməsi, səbəbsiz özünütənqid və günahkarlıq hissinin olması, müntəzəm ölüm haqqında düşüncələrin beyində gəzintisi, düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması, psixomotor fəallığın pozulması, yuxu və yemək pozuntuları kimi depressiya əlamətlərini də müşahidə etməlidir.
Rövşən bəy, tənhalıq hissi ilə depressiyanın fərqi varmı?
İnsanın özü ilə vaxt keçirməsi ilə tək qalmağı arasında fərq var. İnsan özü ilə qaldığı zaman özünü tamamlayır, tək qaldığı zaman isə tənhalaşır. İnsan başqalarının yanında da tənha ola bilir. Tənhalıq təkliyin patoloji halıdır. Tənhalıq sözü depressiyanın sinonimlərindən biri kimi dərk edilir. Tənhalıq depressiyanın assosiasiya olunmuş formasıdır. Tənhalıq şəxsin emosional təzahürü, depressiya isə psixoloji pozuntusu olduğunun göstəricisidir.
Tək qalmaq ilə şəxsin iradəsindən kənarda inkişaf edən və şəxsə psixoloji cəhətdən mənfi təsir göstərən tənhalıq sindromunu ayırd etmək vacibdir. Tənhalıq depressiyaya səbəb ola biləcək psixoloji infrastrukturun əsasını qoyur. Yaşadığınız tənhalıq stress səviyyənizi artırırsa, yorğunluğa səbəb olur və digər psixoloji halın nizamsızlığını yaradırsa, tənhalıq sindromu depressiya ilə əvəzlənmiş olur.
Kənardan bir insanın depressiyaya düşdüyünü necə anlamaq olar?
Kənardan bir insanın əhvalının yaxşı olmaması depressiya deyil. Rəqəmsal platformalarda bölüşdüyü hansısa düşüncəyə baxıb şəxsin depressiyada olduğu diaqnozunu qoymaq olmaz. Amma şübhələnmək olar. Depressiyanın müşahidəsi zamanı tənhalıq, kədərlənmək, səbəbsiz ağlamaq, boşluq və ya ümidsizlik hiss etmək, dəyərsizlik, günahkarlıq hissi, keçmiş uğursuzluqlar üçün özünü günahlandırmaq, davamlı düşüncələrin içində itmək, hər şeyi xatırlamaqda problemlər yaşamaq, xırda məsələlərdə belə qəzəb, əsəbilik və ya məyusluq hissi, cinsi əlaqə kimi bütün normal fəaliyyətlərə maraq və ya həzzin olmaması, iştahın azalması və kilo itkisi və ya iştahanın artması və nəzarətsiz çəki artımı, yorğunluq, narahatlıq, həyəcan və təşviş kimi halların davamlı olması, yuxu pozuntusu, yuxusuzluq və ya həddindən artıq yuxu istəyinin olması, təkrarlanan ölüm düşüncələri, intihar və ya intihar cəhdlər kimi psixoloji halların nizamsızlığı xüsusi diqqətə alınmalıdır. İnsanın bütün emosional reaksiyalarında depressiv hal ola bilər, amma bu depressiya deyil. Depressiv hal depressiyanın başlanğıcıdır. Depressiya depressiv halın uzun müddət davam etməsidir.
İşgüzar mühitdə olan qadınlar arasında da bu vəziyyəti yaşayanlar çoxdur, necə düşünürsünüz, daima məşqul olan bu kateqoriyadan olan qadınları ən çox nə yorur?
Kişilərdə depressiya qadınlara nisbətən daha az olur. Bioloji faktor, genetik və cinsiyyət fərqinin buna səbəb olduğunu ifadə edə bilərik. Qadınların genetikasına baxdığımız zaman, menusturasiya əvvəli, doğuşdan sonrakı dövr və menopozda meydana gələn hormonal dəyişikliklər qadınları depressiyaya daha çox meylli edir. Qadınlar ödənişli əmək fəaliyyətlərini ödənişsiz ev işləri və baxım işi ilə birləşdirdikdə daha çox vaxt təzyiqi və məsuliyyət hiss edirlər. Evdar kişilərin olmasına baxmayaraq, kişilər hər zaman qadınlardan daha az ev işləri və uşaq baxımı ilə məşğul olurlar.
Ailədə qeyri-sağlam mühit istər qadının, istərsə də kişinin əmək faəliyyətinə mənfi təsir edir. Əmək fəaliyyətində uğursuz olan şəxslər bir müddət sonra depressiya üçün səbəb yaratmış olurlar. Kişilər işgüzar xanımlarına ev işlərində və uşaq baxımında dəstək olmalıdırlar. İşgüzar qadını ən çox kişinin məntiqə uyğun olmayan mövqeyi narahat edir. Cəmiyyətdə formalaşmış stereotiplər qadınların əmək və şəxsi həyatına müdaxilə etdikcə ailələrdə mübahisələr yaranır, daha sonra münasibətlər öz məğzini dəyişmiş olur. Müzakirəni mübahisəyə çevirməmək üçün empatiya qurmaq lazımdır. Ailədə depressiyanın qarşısını empatiya quraraq almaq olar. Empatiya qurmaq sağlam psixoloji mühitin şərtlərindən biridir. Bəzən işgüzarlıq depressiyanın əlaməti olaraq özünü göstərir. Şəxsin ailədəki problemlərdən qaçışıdır. Həftə sonları işləməyin həm kişilərdə, həm də qadınlarda daha yüksək depressiya riski ilə əlaqəli olduğunu göstərir.
Siz tez-tez depressiyadan əziyyət çəkən pasiyentlərlə söhbətlər edirsiniz, bu məsələnin risk faktorları nə qədər ciddidir?
Depressiya halında müraciət edən şəxslər özü, dünya və gələcəklə bağlı düşüncələrində yox olduğu üçün müraciət edirlər. Pasiyentlərin daxilində apardıqları dialoqları, cavabsız sualları birlikdə cavablamağa və ya dəyərləndirməyə cəhdlər edirik. Hansı düşüncə dəyişəcəksə bu pasiyentin qərarıdır, psixoloqun deyil. Psixoloqun seans vaxtı əsas missiyası risk faktorlarını minimuma endirməkdir. Şəxsin özü, dünya və gələcəklə bağlı mənfi düşüncələri depressiv halı depressiv pozuntuyla əvəzləyir. Depressiya intihar düşüncəsi yaratdığı üçün onun risk faktorunun sərhədsiz olduğunu müşahidə edirik. Depressiya dünyada ən geniş yayılmış xəstəlikdir. Depressiya zəiflik və ya xasiyyət çatışmazlığı deyil, tibbi və psixoloji problemdir.
Depressiya intihara səbəb ola bilərmi?
Depressiyadan əziyyət çəkən şəxslərin müəyyən faizi həyatlarına intiharla son qoyurlar. Depressiya şəxsin mənəvi ölümüdür. İntihar isə şəxsin mənəvi ölümündən sonrakı addımıdır. Suisidal davranışın əsas sabəbləri şəxsin reallıqdan qaçması, həyata qarşı üsyanı, özünə qarşı nifrət duyğusu, diqqəti özü üzrərinə çəkmək kimi düşüncələrlə müşahidə olunur. İntihar cəhdlərinin inkişaf etməsini tətikləyən depressiya zamanı intihara dair fikirlərin, qərar və planların mövcudluğu, alkoqol və narkotik maddələri qəbulu, kəskin psixotik simptomların mövcudluğu və depressiyanın ağır somatik xəstəlik ilə yanaşı getməsi kimi depressiya ilə əlaqədar amillər mövcuddur. İntihar etmək üçün şəxsin sosial-demoqrafik amilləri də səbəb və nəticə yaratmış olur. Depressiyanın ağır və dərin formasında şəxsin intihar etməsi realdır. İntihar edən şəxslərin həyat hekayəsi ilə tanış olduğunuz zaman ilk olaraq depressiyanın əlamətləri diqqətinizi çəkəcəkdir.
Dərman müalicəsi də almaq şərtdirmi?
Depressiya bioloji, psixoloji və sosial səbəblərdən yarandığı üçün, şəxs ilkin mərhələdə psixodiaqnostik testlər və klinik müsahibədən keçməlidir. Daha sonra isə həkim-mütəxəssis tərəfindən diaqnoz qoyulmalıdır. Səbəblərin yaratdığı halın artıq idarə olunmaz olunduğu göründüyü zaman medikamentoz müdaxilə edilməlidir. Antidepressantın qəbul olunması və digər hansısa uyğun tibbi tövsiyyələr həkim-mütəxəssis tərəfindən edilməlidir. Remissiya dövründə isə psixoterapevtik fəaliyyət aparılmalıdır. Koqnitiv davranış terapiyası (KDT) müalicə metodu ilə pasiyentə kömək olunur.
Peşəkar səviyyədə müalicə almadan depressiyadan sağalmaq mümkündürmü?
Depressiyanın hansı mərhələdə olduğunu müəyyən etmək üçün mütəxəssisə müraciət edilməlidir. Şəxsdə yüngül depressiya, orta dərəcəli depressiya, psixotik əlamətlərsiz ağır depressiya və ya psixotik əlamətlərlə ağır depressiya epizodlarından hansının olduğu müəyyən edilməlidir. Peşəkar formada müdaxilə etmədən bunu müəyyən etmək olmaz. Təcrübə odur ki, depressiyadan əziyyət çəkən pasiyentlərə kömək edən iki əsas müalicə növü vardır və ya hər iki növ birlikdə aparılır, koqnitiv davranış terapiyası (KDT) və medikamentoz müdaxilə. Koqnitiv davranış terapiyası (KDT) sessiyalar ilə şəxsi depressiyadan tamamilə azad etmiş olur. Düşüncə idarə olunduqca, düşüncəni dəyişmək olur. Düşüncə dəyişdikcə insan dəyişir. Müalicənin məqsədi vəziyyətin qənaətbəxş olması deyil, tam sağalma və gələcəkdə emosional problemlərə qarşı düşüncə immuniteti yaratmaqdır.
Müsahibə üçün təşəkkür edirik.
Uğurlar arzu edirəm.
Gülbəniz Hüseynli / Metbuat.az