2 Aprel 2024 22:12
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Metbuat.az-ın məlumatına görə, günün yeganə oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib. "Neftçi Arena"da reallaşan qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.
"Köhlən atlar"ın heyətində 14-cü dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirərək hesabı açıb. O, 29-cu dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 37-ci dəqiqədə Marko Yankoviç meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 86-cı dəqiqədə isə Nəriman Axundzadə adını tabloya yazdırıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" dueli aprelin 3-də baş tutacaq. Hər iki cütdə cavab qarşılaşması aprelin 24-də keçiriləcək.