1 Aprel 2024 18:55
Rus Dram Teatrının aprelin 1-15-nə olan repertuarı açıqlanıb.
Metbuat.az repertuarı təqdim edir:
5 aprel – “Üç gözəl”
Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.
6 aprel – “Yuxularımdan çıx”
İkipərdəli melodrama Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilib və ədibin 80 illik yubileyinə həsr olunub. Onun premyerası 2018-ci il iyunun 30-da olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.
Zaur və Təhminənin ehtiraslı eşq macərasından bəhs edən tamaşada mühafizəkar cəmiyyətdə belə sevgilərin xoşbəxt sonluqla bitmədiyi vurğulanır. Zaurun ailəsi intriqalar və öyüd-nəsihət yolu ilə onu fikrindən daşındırmağa çalışır və qonşunun Firəngiz adlı qızı ilə evləndirir. Amma o, vəfatından əvvəl vida məktubu yazan Təhminəyə olan hissələrini unuda bilmir, sevdiyi qadının obrazı yuxularından çıxmır.
7 aprel - “Sevgi, @ nöqtə.RU” (“Любовь, собак@Точка.RU”)
Leon Aqulyanskinin pyesi əsasında komediya özündə həyatın daimi məsələlərini, çoxsaylı komik səhnələri və parlaq aktyorların mənasız davranışını birləşdirir. Premyerası 2022-ci il noyabrın 12-də keçirilən tamaşa Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Tamaşanın qəhrəmanları uzun müddət şəbəkə vasitəsilə ünsiyyət qururlar və nəhayət, şəxsən tanış olmağa qərar verirlər. Uğurlu işgüzar qadın və tanınmış plastik cərrah. Onlar bir-biri üçün doğulmayıblarmı?
12 aprel – “Sevgiyə görə bağışla” (“Aydın”)
Tamaşanın premyerası 2019-cu il noyabrın 23-də olub və Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikova, xoreoqrafı Xalq artisti Aleksandra Nikuşina, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur. Aydın obrazını Murad Məmmədov, Gültəkin rolunu Həcər Ağayeva və Natəvan Hacıyeva ifa edirlər.
Cəfər Cabbarlı “Aydın” pyesini 1922-ci ildə qələmə alıb. Azərbaycan səhnəsində dəfələrlə səhnələşdirilən əsər Rus Dram Teatrında iki dəfə - 1957-ci və 1980-ci illərdə tamaşaya qoyulub.
Əsərin süjet xəttini Aydın ilə Gültəkinin faciəli taleyi, var-dövlət ilə insanlara bədbəxtlik gətirən tiplərin obrazı olan Dövlət bəyin məkri təşkil edir.
13 aprel – “Səkkiz sevən qadın”
Ünsiyyət, ailə və nəsillərin münaqişəsi problemlərinin satirik tədqiqatını təsvir edən təsirli detektiv pyesin quruluşçu rejissoru Raulya Turkkandır. Pyes 1958-ci ildə Rober Tom tərəfindən yazılıb və ilk dəfə Parisdə 1961-ci ildə “VII Eduard” teatrının səhnəsində tamaşaya qoyulub.
Hadisələr şəhərkənarı evdə səkkiz qadının Milad bayramını qeyd etməyə hazırlıqları səhnəsi ilə başlayır. Lakin birdən hər şey dəyişir, kabinetdə kürəyinə bıçaq sancılmış ev sahibinin meyiti tapılır. Müxtəlif səbəblərdən polisin gəlişi ləngiyir. Nəticədə səkkiz qadının hər biri şübhə altında olur.
Bir vaxtlar gözəl, xoşsifət qadınlar adətən çox çətin vəziyyətlərdə olduğu kimi bir-birini öldürməyə, mehriban və xoşbəxt ailə idilliyasını dağıtmağa hazırdırlar. Sirlər və gizli istəklər üzə çıxır, illərlə qalaqlanan ailə problemləri elə həvəslə müzakirə olunur ki, qətl mövzusu ikinci plana keçir.
14 aprel – “Əli və Nino”
Tamaşa Qurban Səidin dünyada məşhur romanı əsasında hazırlanıb. Rejissor İlqar Safatdır.
Dünya tarixi bizim üçün müxtəlif millətlərdən, dinlərdən, kastalardan, siniflərdən olan oğlan və qız arasındakı sevgi haqqında mifləri, əfsanələri və hekayələri qoruyub saxlayıb. Onlarda sevgi haqqını qazanmaq cəhdi həmişə sevgililərin faciəli sonu ilə başa çatıb. Aristokrat Şirvanşirlər nəslindən olan azərbaycanlı Əlinin və bu yaxınlarda zadəgan titulu almış Kipiani ailəsindən olan gürcü Ninonun hekayəsi bir çox dünya versiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Bir-birini tanımaq yolunda sevgililər çox maneələri, o cümlədən mədəniyyətlər arasında fərqi dəf etməli olurlar. Ancaq hisslər ağıldan daha güclüdür. Onların sevgisinin aşa bilməyəcəyi heç bir maneə yoxdur.
Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə əsaslanır.