18 Aprel 2024 12:11
Rusiyada "TikTok" sosial şəbəkəsinin bloklanması gündəmdədir. Eyni zamanda Qırğızıstanda bu sosial şəbəkəyə qadağa qoyulacağı ilə bağlı rəsmi məlumat verilib. Ölkəmizdə də "TikTok"un bağlanması tez-tez müzakirəyə çıxarılır, son günlərdə bir neçə "tiktoker"in saxlanılması bu müzakirələri daha da artırıb.
Bu barədə Metbuat.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, “TikTok”, “Facebook” və başqa sosial şəbəkələrə qadağa qoyulması çıxış yolu deyil:
"Burada mövzuya, prosesə hakim olmaq barədə düşünmək lazımdır. “TikTok” və başqa sosial şəbəkələrdə baş verən neqativ hallara daha ciddi nəzarət olunmalıdır. Yoxsa, yeni texnologiyanın bütün nailiyyətlərini qadağan edə-edə müəyyən problemlər də ortaya çıxa bilər. Bu baxımdan məsələləri daha çox qadağa üzərində yox, prosesə nəzarət etmək üzərində qurmaq daha faydalı olar. Təbii ki, başqa ölkələrdə belə təkliflər ola bilər. Amma bütövlükdə biz öz ölkəmizdə yeni texnologiyanın bizə verdiyi bu imkanları daha çox səmərəli istifadə etməliyik”.
Mövzu ilə bağlı saytımıza danışan Lalə Mehralı isə düşünür ki, pul qazanmaq "TikTok" sayəsində asanlaşdığı üçün, insanlar oturduğu yerdən yaxşı gəlir əldə etdiklərinə görə, ora maraq çoxalır:
"Üstəlik normal kontentlər gəlir gətirmədiyi üçün pula görə hər oyundan çıxırlar. Pul qazanmaq niyyəti ilə öz övladını, ailəsini, yaşlı ata və anasını canlı yayıma çıxaran, etik olmayan davranışlar və söhbətlər edən şəxslərin sayı da buna görə getdikcə artır. Övladını canlı yayımda nalayiq ifadələr işlətməyə sövq edən, müxtəlif qeyri-etik hərəkətlər etməyə vadar edən valideynlər əksər hallarda məsuliyyətdən yaxa qurtarmağı bacarır. Çünki bizdə internetdə söyüşə, təhqirə görə o qədər də ciddi cəzalar müəyyənləşdirilməyib. Hətta məsuliyyətə cəlb olunsa belə, cüzi cərimə, yaxud xəbərdarlıq olunmaqla sərbəst buraxılır".
Sosioloqun sözlərinə görə, bu sahədə cəzaların sərtləşdirilməsi, artırılmasına ehtiyac var ki, bəzi valideynlər övladlarını nəyə vadar etdiyinin, onların hüququnu necə pozduğunun fərqinə varsın:
"Son olaraq bir "tiktoker"in 30 sutka həbs edilməsinin şahidi olduq, amma bu adam daha əvvəl cərimə olunsa da, daha sonra övladını canlı yayıma çıxarıb və etik olmayan danışıqlara yol verdiyi üçün həbs edilib. Həbsdən sonra davranışı necə olacaq, bunu yaşayıb görəcəyik. Amma cəmiyyətimizdə onlara bu qədər hədiyyə, pul göndərən əbləhlər olduqca, bu xəmir hələ çox su aparacaq. Şəbəkənin bağlanması effekt verə bilər, amma daha sonra oxşar bir şəbəkə yaradılıb istifadəyə verilməyəcəyinə kim zəmanət verəcək?"
Seyranə Quliyeva / Metbuat.az